22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Britaniya meymunçiçəyi vuruşu ilə əlaqədar hazırlıq vəziyyəti elan edib

16-08-2024
IMG

Böyük Britaniyanın səhiyyə rəsmiləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrikada virusun yayılmasını beynəlxalq fövqəladə vəziyyət elan etməsindən sonra yeni “Mpox” ştammının potensial yayılması hallarına hazırlaşırlar.

Fhnews.az “The Guardian”a istinadla xəbər verir ki, “Clade 1b” kimi tanınan ştamm ötən il Konqo Demokratik Respublikasında peyda olub.

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirib ki, hazırda İngiltərədə yoluxma riski aşağı hesab edilsə də, Krallıqda ortaya çıxa biləcək hər hansı hal üçün hazırlıq görülür.

Əvvəllər meymunçiçəyi kimi tanınan “Mpox” yaxın fiziki təmasla ötürülür. Xəstəlik qripə bənzər simptomlara, habelə dəridə irinli yaralara səbəb olur və adətən yüngül keçir, lakin ölümcül də ola bilər. Uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olan insanlarda fəsadlar riski daha yüksəkdir.

ÜST-nin Baş Direktoru Tedros Adhanom Qebreyesus çərşənbə günü “Mpox” epidemiyası ilə əlaqədar ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edib.

“Clade 1b” ştammı keçən il ortaya çıxıb və 100 laboratoriya tərəfindən təsdiqlənmiş hal onun əvvəllər bilinmədiyi ölkələrdə - Burundi, Keniya, Ruanda və Uqandada tapılıb.

2022-ci ilin yazına qədər Böyük Britaniyadakı yoluxmalar adətən virusun endemik olduğu ölkələrə, xüsusən də Qərbi və ya Mərkəzi Afrikaya səyahətlə bağlı idi. Bununla belə, həmin ilin may ayında Böyük Britaniyada virusun davamlı yayılması müəyyən edilib və bu, böyük bir epidemiyaya səbəb olub. Böyük Britaniyanın peyvənd proqramı həmin ilin yayında başlayıb və 2023-cü ilin iyulunda başa çatıb.

Paylaş: