Boğazın ilk “boyunbağı” 51 ildir ki, “qitə”ləri birləşdirir
30 oktyabr 1973-cü ildə açılan və 51 ildir İstanbulun Asiya və Avropa tərəflərini birləşdirən 15 İyul Şəhidlər Körpüsündən gündə orta hesabla 190 min avtomobil keçir.
Əsrlər boyu tarixi, siyasi, ticarət və mədəni dəyərlərini qoruyub saxlayan İstanbulun iki tərəfini bir araya gətirmək ideyası eramızdan əvvələ gedib çıxır. Sözügedən coğrafiyada hökm sürən sivilizasiyaların ən böyük arzularından biri də iki qitəni bir araya gətirmək olub.
Xüsusilə 16-cı əsrdən sonra iki qitənin birləşməsi ilə bağlı bir çox fikir və layihələr irəli sürülsə də, 15 İyul Şəhidlər Körpüsünə qədər reallaşa bilməyib.
1950-ci illərdə Demokrat Partiya hökumətinin tələbi ilə Boğaziçi Körpüsü məsələsini araşdırmaq üçün İstanbul Bələdiyyəsi, Avtomobil Yolları Baş İdarəsi və İTİ səlahiyyətlilərindən ibarət bir komitə yaradılır. Komitənin məsələnin ekspert şirkət tərəfindən araşdırılması tövsiyəsi ilə Avtomobil Yolları Baş İdarəsi ABŞ şirkətindən təklif istəyir, lakin maliyyə və inzibati çətinliklər səbəbindən layihəni həyata keçirmək mümkün olmur.
20-ci əsrin ikinci yarısından sonra İstanbulun sürətli urbanizasiya prosesinə girməsi, məskunlaşmaların böyüməsi, köç dalğaları və artan nəqliyyat Boğaziçi üzərindən körpülərin tikintisi üçün ilk addımların atılmasına təkan verir.
İki qitəni birləşdirəcək körpü üçün hazırlanan layihə qəbul edilir. İngilis və Alman şirkətlərinin öhdəsinə götürdüyü Boğaziçi körpüsünün tikintisi 1970-ci ilin fevralında Bəylərbəyi yamacında təşkil edilən mərasimlə başlayır.
Ümumi uzunluğu 1560 metr, dayaqlar arası uzunluğu 1074 metr olan 6 zolaqlı körpünün tikintisi zamanı 63 min kubmetr qazıntı, 71 min kubmetr beton, 4 min ton dəmir-beton işi aparılıb. 17 min ton konstruksiya poladı və 6 min ton kabel poladı istifadə edilib.
Boğaziçi körpüsü təxminən 3 il 8 ayda tamamlanarkən, körpünün tikintisi üçün ödənilən məbləğ 23 milyon 213 min 666 dollar (dövrün rəqəmlərinə görə 191 milyon 785 min 265 lirə) olub.
Meqapolisin iki tərəfini birləşdirən ilk körpü olan və tikintisindən əvvəl böyük müzakirələrə səbəb olan Boğaziçi Körpüsü 30 oktyabr 1973-cü ildə- 29 oktyabr Respublika günündən bir gün sonra o dönəmin Prezidenti Fahri Korutürk tərəfindən açılıb.
15 iyul xain çevriliş cəhdi zamanı burada həyatını itirənlərin xatirəsinə Boğaziçi körpüsünün rəsmi adı 26 iyul 2016-cı il tarixindən etibarən "15 İyul Şəhidlər Körpüsü" olaraq dəyişdirilib.
İlk ilində gündə orta hesabla 24 min vasitəyə xidmət göstərən körpü 15 il İstanbulun iki tərəfi arasında quru nəqliyyatını təmin edən yeganə əlaqə yolu olaraq xidmət etməyə davam etdi. Körpü bu vəzifəni 1988-ci ildən Fatih Sultan Mehmet Körpüsü, 26 Avqust 2016-cı ildən Yavuz Sultan Səlim Körpüsü və 20 dekabr 2016-cı ildən Avrasiya Tuneli ilə bölüşməyə başlayıb.
Bu günə qədər yüz milyonlarla avtomobilin keçidini təmin edən körpü İstanbulun nəqliyyatında çox əhəmiyyətli bir halqadır və meqapolisin trafik yükünün azaldılmasında böyük rol oynayır. Hər gün orta hesabla 190 mindən çox avtomobil bu körpüdən istifadə edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...