22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT: Son 60 ildə silahlı münaqişələrin 40 faizi təbii sərvətlərə sahib olmaq uğrunda baş verib

06-11-2024
IMG

Noyabrın 6-da Müharibə və Silahlı Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması üzrə Beynəlxalq Gün qeyd edilir. 

Fhnews.az xəbər verir ki, BMT-nin bu münasibətlə yaydığı müraciətdə deyilir: “Bəşəriyyət həmişə müharibə itkilərini ölən və yaralanan əsgərlər və dinc əhali, dağıdılmış şəhərlər və yaşayış məntəqələri ilə hesablasa da, ətraf mühit çox vaxt müharibənin açıqlanmayan qurbanı olaraq qalır. Belə ki, hərbi üstünlük əldə etmək üçün su quyuları çirkləndirilib, əkin sahələri yandırılıb, meşələr qırılıb, torpaqlar zəhərlənib, heyvanlar öldürülüb”.

Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) müəyyən edib ki, son 60 ildə bütün silahlı münaqişələrin azı 40 faizi təbii ehtiyatların - istər taxta, almaz, qızıl və digər qiymətli sərvətlər, istərsə də neft və ya münbit torpaq, su kimi qıt resurslar səbəbindən baş verib. Təbii sərvətlərlə bağlı münaqişələrin də təkrarlanma ehtimalının iki dəfə çox olduğu aşkar edilib.

BMT ətraf mühitlə bağlı fəaliyyətin münaqişələrin qarşısının alınması, sülhyaratma və sülhməramlı strategiyaların bir hissəsi olmasını təmin etməyə böyük əhəmiyyət verir, çünki yaşayış vasitələrini və ekosistemləri təmin edən təbii ehtiyatlar məhv edilərsə, davamlı sülh də ola bilməz.

Bu məqsədlə 2001-ci il noyabrın 5-də BMT Baş Assambleyası hər il noyabrın 6-nı Müharibə və Silahlı Münaqişələrdə Ətraf Mühitin İstismarının Qarşısının Alınması üzrə Beynəlxalq Gün elan edib. 2016-cı il mayın 17-də UNEP silahlı münaqişə riskinin azaldılmasında sağlam ekosistemlərin və davamlı şəkildə idarə olunan resursların rolunu tanıyan UNEP/EA.2/Res.15 qətnaməsini qəbul edib və onun tam həyata keçirilməsinə dair güclü öhdəliyini bir daha təsdiqləyib.

Bu kontekstdə işğalçı Ermənistan da 30 ilə yaxın müddətdə zəbt etdiyi Azərbaycan ərazilərində təbiətə, təbii sərvərlərə böyük ziyan vurub. Bu ərazilərdə 163 faydalı qazıntı yatağı, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilib. İşğal edilmiş ərazilərin təbii sərvətləri istismarı edilən zaman ətraf mühit standartlarına riayət olunmayıb və nəticədə ekologiyaya ciddi zərər vurulub. Beynəlxalq hüququn müvafiq müddəaları və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühit və təbii sərvətləri barbarcasına istismar edən Ermənistanın bu siyasəti bölgənin dayanıqlı inkişafı və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqeyini bir daha bariz şəkildə nümayiş etdirib.

Bundan başqa, erməni işğalı altında olmuş ərazilərin 261 min hektar meşə sahəsi, təbiət abidələri, pasportlaşmış 145 Şərq Çinarı, eyni zamanda, həmin bölgədə “Azərbaycan Respublikasının Qırmızı Kitabına” daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsi, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət əraziləri, habelə nadir biomüxtəliflik nümunələri məhv edilib.

Paylaş: