BMT: Son 200 il ərzində dünya əhalisinin sayı yeddi dəfə artıb
Builki Ümumdünya Əhali Gününün mövzusu bizə xatırladır ki, məlumatların toplanmasına sərmayə qoymaq problemləri anlamaq, həll yollarını uyğunlaşdırmaq və irəliləyişə nail olmaq üçün vacibdir. Maliyyə də belədir. Mən ölkələri davamlı inkişaf naminə münasib insan kapitalını üzə çıxarmaq üçün bu il keçiriləcək Gələcəyin Sammitindən maksimum yararlanmağa çağırıram.
Fhnews.az BMT-nin saytına istinadla xəbər verir ki, bu fikirləri təşkilatın Baş katibi Antonio Quterreş 11 İyul - Ümumdünya Əhali Günü münasibətilə üzv ölkələrə müraciətində bildirib.
BMT-nin məlumatına görə, son üç onillikdə dünya üzrə cəmiyyətlər əhali məlumatlarının toplanması, təhlili və istifadəsinin təkmilləşdirilməsində nəzərəçarpacaq irəliləyiş əldə ediblər. Yaş, etnik mənsubiyyət, cins və digər amillərə görə bölünmüş yeni əhali rəqəmləri indi cəmiyyətlərin müxtəlifliyini daha dəqiq əks etdirir.
Təşkilat qeyd edir ki, bu nailiyyətlər qlobal miqyasda səhiyyə xidmətinin göstərilməsini əhəmiyyətli dərəcədə artıraraq, cinsi və reproduktiv sağlamlıqda, habelə hüquq və seçimlərdən istifadə etmək bacarığında əhəmiyyətli irəliləyişlərə gətirib çıxarıb. Getdikcə artan yeni texnologiyalar insanların təcrübələrini əvvəlkindən daha ətraflı və vaxtında ölçməyə imkan verir.
BMT-nin ekspertləri bildirirlər ki, bununla belə, ən çox təcrid olunmuş icmalar məlumatlarda kifayət qədər təmsil olunmur və bu tendensiya onların həyatlarına və rifahına mənfi təsir edir. Bu problem 2024-cü il Ümumdünya Əhali Günündə də aktualdır, eyni zamanda, məlumat sistemlərində hər kəsin görünməsi, insan hüquqlarından istifadə edə bilməsi və öz potensialını reallaşdırması baxımından mühüm bir məqamdır.
“Cəmiyyətlərin kənarında olanların hüquqlarını və seçimlərini həyata keçirmək üçün bu fərdləri də saymalıyıq, çünki zəngin insan qobelenimiz ən zəif sapına qədər möhkəmdir. Məlumat və digər sistemlər kənarda olanlar üçün işlədikdə, bu, hamı üçün faydalıdır. Bəşəriyyətin rifahı naminə tərəqqi məhz bu amillərin nəzərə alınmasını tələb edir”, -deyə təşkilat vurğulayır.
BMT Əhali Fondunun son hesabatında qeyd olunur: “Dünya əhalisinin 1 milyarda çatması yüz minlərlə il çəkdi, sonra cəmi 200 il ərzində bu rəqəm yeddi dəfə artıb. 2011-ci ildə dünya əhalisinin sayı 7 milyard həddinə çatıb, 2021-ci ildə demək olar ki, 7,9 milyard təşkil edir və 2030-cu ildə təxminən 8,5 milyard, 2050-ci ildə 9,7 milyard və 2100-cü ildə 10,9 milyarda çatacağı gözlənilir.
Belə dramatik artım, əsasən, reproduktiv yaşa qədər sağ qalan insanların sayının artması ilə şərtlənir və bu, doğum nisbətlərində böyük dəyişikliklər, urbanizasiyanın artması və miqrasiyanın sürətlənməsi ilə müşayiət olunur. Artım tendensiyalarının gələcək nəsillər üçün böyük təsirləri olacaq”.
Hesabatda vurğulanır ki, yaxın keçmişdə doğum nisbətlərində və gözlənilən ömür uzunluğunda böyük dəyişikliklər baş verib. 1970-ci illərin əvvəllərində qadınların hər biri orta hesabla 4,5 uşaq dünyaya gətirirdi; 2015-ci ilə qədər bu sahədə qlobal ümumi məhsuldarlıq hər qadına 2,5 uşaqdan da aşağı düşüb. Bu arada, orta qlobal ömür uzunluğu 1990-cı illərin əvvəllərində olan 64,6 ildən 2019-cu ildə 72,6 ilə yüksəlib. Bundan əlavə, dünyada yüksək urbanizasiya və miqrasiyanın sürətlənməsi müşahidə olunur. 2007-ci il kənd yerlərindən daha çox insanın şəhər yerlərində yaşadığı ilk il olub. 2050-ci ilə qədər dünya əhalisinin təxminən 66 faizi şəhərlərdə yaşayacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...