BMT: Son 20 ildə dünyada ifrat yoxsulluq səviyyəsində ilk artım qeydə alınıb
BMT-nin məlumatına görə, son 20 ildə dünyada ilk dəfə ifrat yoxsulluq səviyyəsində artım müşahidə olunub və qeyri-bərabərlik kəskin şəkildə artıb. COVID-19 pandemiyası ilə başlayan ardıcıl şoklar sosial inkişaf tərəqqisinin əsas tədbirlərində əks dəyişikliklərə səbəb olub.
Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin İqtisadi və sosial məsələlər şöbəsinin “Ağır böhran dövründə sosial inkişaf: Qlobal fəaliyyətə çağırış" adlı hesabatında qeyd olunub: “Makroiqtisadi dirçəliş davam edərkən, son mənfi tendensiyalara həssas olan ölkələrdə ifrat yoxsulluq yüksək olaraq qalır ki, bu da dərin struktur nöqsanlarının olduğunu göstərir. 2022-ci ilə qədər aşağı gəlirli ölkələr istisna olmaqla, əksər dövlətlərdə ifrat dərəcədə yoxsulluq pandemiyadan əvvəlki səviyyəyə qayıdıb”.
Hesabatda deyilir ki, aşağı gəlirli ölkələrdə işsizlik nisbətləri davamlı olaraq yüksəlir və məşğulluq fərqi 2018-ci ildəki 20 faizdən 2023-cü ildə 21 faizə qalxıb. Bu tendensiyalar qlobal miqyasda mövcud gəlir və sərvət bərabərsizliyini daha da gücləndirib. 2022-ci ildə dünya əhalisinin ən yoxsul olan 50 faizi dünya sərvətinin cəmi 2 faizinə, ən zəngin zümrə olan 10 faizi isə 76 faizə sahib olub.
BMT-nin hesabatına görə, böhranlar 2020-2030-cu illər arasında 50 trilyon ABŞ dollarından çox məcmu iqtisadi məhsul itkisi ilə nəticələnə bilər ki, bu da sosial inkişafa sərmayə yatırmaq üçün itirilmiş imkanları əks etdirir. Eyni zamanda, ölkələrin tədricən artan böhranlardan çıxması ilə bu sosial-iqtisadi təlatümlərin sosial inkişafa uzunmüddətli təsirlərini minimuma endirmək və daha davamlı cəmiyyətlər qurmaq imkanı var.
Hesabata görə, hazırkı qlobal siyasət mühitində şoklar sərhədləri sürətlə aşan, beynəlxalq tədbirlər tələb edən böhranlara çevrilir. BMT son qlobal böhranların səbəb olduğu uğursuzluqların aradan qaldırılması və gələcək şokların böhranlara çevrilməsinin qarşısının alınması üçün milli səyləri dəstəkləmək məqsədilə təcili qlobal fəaliyyətə çağırıb. Bu kontekstdə qlobal böhranlara ölkə səviyyəsində reaksiya vermək və sosial tərəqqiyə nail olmaq üçün lazım olan fiskal məkanı yaratmaq istiqamətində beynəlxalq inkişaf maliyyəsi üzrə islahatlara və vəsaitlərin yenidən ədalətli bölgüsünə kəskin ehtiyac yaranıb.
BMT, həmçinin inkişaf etməkdə olan ölkələrin borc yüklərini yüngülləşdirmək sahəsində tədbirlərin əhəmiyyətini qeyd edib, qrantlar və güzəştli kreditlər şəklində rəsmi inkişaf yardımının, qısamüddətli borcun azaldılmasının və uzunmüddətli dövrdə suveren borc arxitekturasının gücləndirilməsinin sosial inkişafa müsbət təsirini vurğulayıb.
BMT Baş katibinin müavini Li Junhua bildirib: “Bu hesabat yoxsulluqla mübarizə, iş yerləri yaratmaq və hər kəsin həyatda ədalətli şansını təmin etmək üçün maliyyə məkanı tapmaq üzrə milli səviyyədə səyləri dəstəkləməkdə çoxtərəfli fəaliyyətin mühüm rolunu işıqlandırır”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...