22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT-nin son hesabatı: Ötən il dünyada hər 11 nəfərdən biri aclıqla üzləşib

25-07-2024
IMG

BMT “Qlobal qida təhlükəsizliyi və qidalanmanın vəziyyəti - 2024” (SOFI) adlı son hesabatını açıqlayıb.

Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, iyulun 24-də dərc edilən ərzaq təhlükəsizliyi ilə bağlı son hesabatda deyilir ki, keçən il qlobal aclıq səviyyəsi yüksəlib. Belə ki, dünyada hər 11 nəfərdən biri aclıqla üzləşib. Bu, COVID-19 pandemiyasından sonra üçüncü ildir artan tendensiyadır.

BMT agentliklərinin SOFI hesabatına görə, dünya 2030-cu ilə qədər sıfır aclıq hədəfinə çatmaqdan çox uzaqdır. Sənəddə 2023-cü ildə dünyada 757 milyon insanın, Afrikada isə hər beş nəfərdən birinin aclıqla üzləşə biləcəyinə diqqət çəkilir. 2019-cu ildəki orta səviyyə nəzərə alınmaqla, bu, əvvəlki ilə nisbətən təxminən 152 milyon nəfər çoxdur.

Hesabatda Afrikada aclığın hələ də artdığı, lakin Asiyada nisbətən dəyişməz qaldığı, Latın Amerikası və Karib hövzəsi regionunda nəzərəçarpacaq irəliləyişin əldə edildiyi qeyd olunub. Afrika 20,4 faiz göstərici ilə ən çox aclıq olan qitədir. Asiyada bu göstərici 8,1 faiz, Latın Amerikası və Karib hövzəsində 6,2 faiz və Okeaniyada 7,3 faizdir.

BMT vurğulayıb: “Ərzaq təhlükəsizliyində müsbət dəyişikliyin olmaması və sağlam qidalanmaya iqtisadi çıxışın qeyri-bərabər inkişafı aclığa son qoymaq üzrə 2030-cu il hədəfinə kölgə salır”. Hesabata görə, bu onilliyin sonunda 582 milyon insanın xroniki olaraq az qidalanacağı, onların yarıdan çoxunun Afrikada olacağı proqnozlaşdırılır.

Hesabatda sağlam pəhrizlərin hamı üçün əlçatan olmasını təmin etmək üçün aqro-ərzaq sistemlərinin transformasiyasını sürətləndirməyin zəruriliyi vurğulanıb.

Böyük Britaniyada yerləşən “Oxfam” xeyriyyə təşkilatı qlobal aclığın yüksək səviyyəsini rüsvayçı hal adlandırıb və bunun bir çox səbəbləri ilə yanaşı, hökumətlərin qəti addımlardan qaçmaq üçün axtardığı əlverişli bəhanələri sadalayıb. Təşkilat qeyd edib: “Dünyanın hər yerində insanları qidalandırmaq üçün kifayət qədər qida məhsulları və bu dəhşətli bəlanı aradan qaldırmağın həll yolları var. Yüksək aclıq səviyyəsi ilə üzləşən ölkələrin kasıb, yüksək borclu və hətta istismara məruz qaldığı faktına diqqət çəkərək, həmin ölkələrin iqlim və iqtisadi şoklara qarşı da ən həssas olduqlarını vurğulayırıq. Bu gün BMT aclığa son qoymaq üçün trilyonlarla dollarlıq bir boşluq müəyyən edib və yalnız cəsarətli siyasi fəaliyyət bu boşluğu doldura bilər”.

“Oxfam” qeyd edib ki, özəl maliyyələşdirmə yalnız qismən faydalı ola bilər, xüsusilə yoxsul ölkələrdə kiçik fermerlər üçün daha çox dövlət maliyyələşdirilməsi tələb olunur. Daha güclü sosial müdafiə sxemləri, genişmiqyaslı borcların yüngülləşdirilməsi və zəngin ölkələrin humanitar və iqlim maliyyə öhdəliklərini yerinə yetirmələri də vacib amillərdir.

BMT-nin hesabatında vurğulanıb: “Dünyanın ən yoxsul insanları aclığın ən yüksək qiymətini ödəyirlər. İqtisadi ədalətsizlik, iqlim dəyişikliyi və münaqişə də daxil olmaqla, aclığın bütün səbəblərini həll etmək üçün daha dərin struktura əsaslanan siyasətə və sosial dəyişikliyə ehtiyacımız var”.

Paylaş: