22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BMT-nin Baş katibi: Təhlükəsiz və inklüziv süni intellekt üçün qlobal koordinasiya lazımdır

30-05-2024
IMG

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, qlobal koordinasiya təkcə təhlükəsiz və əhatəli süni intellektin (AI) yaradılması deyil, həm də onun hamı üçün əlçatan olması baxımından zəruridir.

Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, Cenevrədə Yaxşı AI naminə Qlobal Sammitin açılış mərasimində videoformatda çıxış edən Antonio Quterreş süni intellektin dünyanı və həyatı dəyişdiyini və davamlı inkişaf məqsədlərinə (SDGs) təkan verə biləcəyini deyib. O əlavə edib: “Süni intellekt SDGs kontekstində qaydaları dəyişdirə bilər. Lakin onun potensialını reallığa çevirmək üçün qərəzliliyi, yanlış məlumatı və təhlükəsizlik təhdidlərini aradan qaldırmaq lazımdır”.

Bu prosesin, həmçinin inkişaf etməkdə olan ölkələrə süni intellektdən istifadədə kömək etməyi tələb etdiyini vurğulayan Baş katib bildirib ki, AI-nin müsbət potensialı sosial-iqtisadi inkişaf üzrə müxtəlif sahələri stimullaşdıra bilər. O vurğulayıb: “Bizə hamı üçün əlçatan olan təhlükəsiz və inklüziv süni intellekt yaratmaq üçün qlobal koordinasiya lazımdır”.

Quterreş süni intellekt üzrə Məsləhət Şurasının tövsiyələrini xatırladıb, o cümlədən müstəqil risk və imkanların qiymətləndirilməsini həyata keçirəcək beynəlxalq elmi panel, idarəetmə təşəbbüslərini birləşdirən, habelə sərhədlər və sektorlar arasında standartları uyğunlaşdıran dialoqun təşkilinin, maliyyə potensialının artırılmasının zəruriliyini qeyd edib.

Sentyabrın sonunda keçiriləcək BMT-nin Gələcəyin Zirvə toplantısında qlobal rəqəmsal kompakt - qlobal süni intellekt idarəçiliyinin əsaslarını qoymaq imkanı ilə bağlı razılaşmanın olacağını qeyd edən Baş katib deyib: “Mən bu iddialı həllər ətrafında əlverişli mühit yaratmağa kömək edəcəyinizə ümid edirəm. Birlikdə davamlı inkişaf məqsədlərinə nail olmaq üçün və heç kimi geridə qoymamaq şərti ilə süni intellektdən istifadə edə bilərik”.

Paylaş: