BMT-nin Baş katibi: Bəşəriyyət ən böyük parçalanma dövrünü yaşayır
Münxen Təhlükəsizlik Konfransında çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, hazırda dünyamız çox mürəkkəb çağırışlarla üz-üzədir, bəşəriyyət son 75 il ərzində heç vaxt olmadığı qədər parçalanıb və müxtəlif cəbhələrə bölünüb. O, “hər kəs üçün sərfəli olan qlobal nizamın” yaradılmasının zəruriliyini vurğulayıb.
Fhnews.az təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Baş katib üzv ölkələrin BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Yer kürəsində hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşaya biləcəyini söyləyib. Onun sözlərinə görə, təəssüf ki, hökumətlər bu öhdəliklərə məhəl qoymur, milyonlarla mülki insan bundan dəhşətli dərəcədə əziyyət çəkir, rekord sayda qaçqın meydana çıxır.
Antonio Quterreş “daha şəbəkələşmiş və inklüziv çoxtərəflilik” adlandırdığı üsulla qlobal kollektiv təhlükəsizlik sistemlərini yeniləməyi hədəfləyən və keçən ilin iyul ayında təqdim edilən Yeni Sülh Gündəliyindən bəhs edib. Bu sənəddə yer alan tövsiyələrə BMT Təhlükəsizlik Şurasında islahatların aparılması, nüvə silahlarının ləğvi ilə bağlı öhdəliklərin götürülməsi və münaqişənin qarşısının alınmasında davamlı inkişaf və iqlim fəaliyyətinə daha çox önəm verilməsi daxildir.
Baş katib bildirib ki, sülh naminə yeni gündəlik bu ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək Gələcəyin Zirvə görüşündə müzakirə olunacaq. O, 1940-cı illərdən bəri mövcud olan qlobal maliyyə institutlarının yaradılmasına istinad edərək, “qlobal maliyyə arxitekturasında islahatların aparılması üçün Bretton-Vuds proqramının lazım olduğunu” söyləyib. “Bu, xüsusən də borc içində boğulan və inkişaf etməkdə olan ölkələr üçün əsl qlobal təhlükəsizlik şəbəkəsi yaratmağa kömək edərdi”,- deyə BMT-nin rəhbəri bildirib. Onun sözlərinə görə, Gələcəyin Zirvə toplantısı bu institutları və çərçivələri həqiqətən universal və inklüziv etmək üçün dərin islahatlara olan ehtiyacı nəzərdən keçirəcək.
BMT-nin Baş katibi deyib ki, beynəlxalq ictimaiyyət problemlərin ədalətə əsaslanan həlli yolları üzərində çalışmalıdır. "Hər kəs üçün sərfəli olan daha əhatəli, mükəmməl və effektiv qlobal nizam yaratmaq imkanı həmişə var", -deyə o vurğulayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...