22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bir neçə ölkədən heyvandarlıq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

25-09-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentlikdən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Portuqaliyanın Evora dairəsində, İsveçin Skane əyalətində, Norveçin Roqaland, İsveçrənin Arqau, Tiçino kantonlarında, Danimarkanın Şimali Yutlandiya, Zelandiya ərazilərində, Fransanın Pei de la Luar, Mərkəz-Luara vadilərində, Normandiya, Burqundiya–Franş-Konte, İl-de-Frans regionlarında, İtaliyanın Pyemont, Siciliya, Lombardiya, Kalabriya, Emiliya-Romanya, Liquriya, İngiltərənin Şərqi Midland, Cənub-Şərqi İngiltərə, Cənub-Qərbi İngiltərə regionlarında blutanq, Fransanın Mərkəz-Luara vadisi regionunda isə epizootik homorraji xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, həmin regionlarda xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Mərkəz-Luara vadisi regionundan bütün növ gövşəyən diri heyvanların, həmçinin onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Paylaş: