22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bioloji aktiv qida məhsulları idxal edən sahibkarlara xəbərdarlıq edilib

18-07-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkəmizə bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla növbəti görüş olub.

Fhnews.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbir respublikamıza bioloji aktiv qida məhsullarının idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təklifləri dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.

Görüşdə diqqətə çatdırılıb ki, AQTA ölkədə istehsal edilən və respublikaya idxal olunan bioloji aktiv qida məhsulları üzərində nəzarət və tənzimləmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində son vaxtlar ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının laborator müayinələri zamanı ciddi uyğunsuzluqlar aşkarlanıb. Həmçinin ölkəmizə idxal edilən bir çox bioloji aktiv qida məhsullarının istehsalçı ölkədə qeydiyyatdan keçmədiyi və satış dövriyyəsində olmadığı müəyyənləşib.

Bioloji aktiv qida məhsullarının idxalı ilə əlaqədar mövcud vəziyyət təhlil olunaraq Agentlik tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edilib. Bir daha vurğulanıb ki, Agentlik tərəfindən əhalinin həyat və sağlamlığının yüksək səviyyədə təmin olunması məqsədilə istər yerli, istərsə də idxal edilən, qanunvericiliyin tələblərinə uyğun olmayan bioloji aktiv qida məhsullarının ölkədə dövriyyəsinə icazə verilməyəcək. Eyni zamanda, qanunvericiliklə dövlət qeydiyyatına alınmamış bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsinin ölkə ərazisində qadağan olduğu nəzərə çatdırılıb.

Görüş zamanı sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və qarşıda duran məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib.

Paylaş: