22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Biləcəridə qablaşdırılmış içməli su müəssisəsinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb

19-08-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməsinə, həmçinin əlverişli və sağlam biznes mühitinin formalaşdırılmasına dəstək məqsədilə tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində (Motodrom 156) fəaliyyət göstərən qablaşdırılmış içməli su emalı müəssisəsi də sağlamlaşdırılan obyektlərin sırasına daxil edilib.

Agentliyin müfəttişləri tərəfindən həmin müəssisədə daha əvvəl planlı yoxlama aparılıb və aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülüb. Habelə pozuntuların aradan qaldırılması sahəsində sahibkarlıq subyektinə dəstək göstərilib, maarifləndirmə işləri aparılıb, məcburi tələblərin pozulmasının qarşısının alınması ilə bağlı peşəkar metodiki tövsiyələr verilib.

Daha sonra həmin müəssisəyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxış keçirilib. Baxış zamanı pozuntuların tam aradan qaldırıldığı müşahidə edilib. Görülmüş sağlamlaşdırıcı tədbirlər nəticəsində müəssisənin fəaliyyətinin qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinə cavab verdiyi müəyyənləşib. Bununla da, içməli su emalı müəssisəsinin fəaliyyəti ilə bağlı qəbul olunan məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qüvvədən düşüb.

Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin olunması və müəssisələrin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək.

Paylaş: