22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə iki ixtisas üzrə tələbə qəbulu aparılır

05-08-2024
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 4 kafedra (Kitabxanaşünaslıq, Sənəd menecmenti, Kitabxana-informasiya resurslarının idarə edilməsi, Redaksiya-nəşriyyat işi kafedraları) və 2 tədris laboratoriyası fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində kitabxanaçılıq və informasiya fəaliyyəti, habelə muzey, arxiv işi və abidələrin qorunması ixtisasları üzrə tələbə qəbulu aparılır.

Fhnews.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə məzunlar sənəd resurslarını formalaşdırmaq və idarə etmək, informasiya istifadəçilərinin sorğu və tələbatlarına uyğun ilkin sənədlər əsasında informasiya logistikası və konsaltinqi, bütövlükdə informasiya menecmentini həyata keçirmək, elektron xidmətləri təşkil etmək bacarıqlarına yiyələnə bilərlər. Məzunlar bu sahədə fundamental bilik və bacarıqlar qazanmaqla mövcud kitabxana infrastrukturunda, nəşriyyat, mətbəə, qəzet və jurnallarda, elektron media qurumlarında, dövlət və özəl təşkilatların mətbuat xidmətlərində və digər sahələrdə çalışa bilərlər.

Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə fakültədə ilk dəfə olaraq 2023/2024-cü tədris ilindən başlayaraq tələbə qəbulu həyata keçirilir. Bu ixtisas üzrə universiteti bitirən məzunlar ölkədə fəaliyyət göstərən arxiv və muzeylərdə, tarixi abidələrin mühafizəsini həyata keçirən qurumlarda çalışa bilərlər.

Bakalavriat səviyyəsində mövcud ixtisaslara yiyələnən məzunlar təhsillərini magistratura və doktorantura səviyyələrində davam etdirməklə akademik karyera qurmaq imkanlarına da malikdirlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Paylaş: