BDU-nun iki komandası “TEKNOFEST-2024”ün finalında
Bakı Dövlət Universitetinin (BDU) tələbələrdən ibarət iki komandasının layihəsi “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.
BDU-dan verilən məlumata görə, “BSU Creativity Workz” komandasının “Irrigo” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında finala çıxıb. Əşyaların interneti (IoT) texnologiyasına əsaslanan bu sistem sayəsində əkin sahələrinin, tarlaların və istixanaların uzaqdan monitorinqi həyata keçirilə bilər. Sahəyə aid 20-dən artıq parametri (torpaq nəmliyi, UV miqdarı, istilik, torpaqda duzlaşma miqdarı, Ph dəyəri, CO2 səviyyəsi, gübrə miqdarı və s.) mobil tətbiq vasitəsilə canlı olaraq monitorinq etmək mümkün olacaq. Sahibkarlar, eyni zamanda, bu sistem vasitəsilə yuxarıda qeyd edilən parametrləri uzaqdan idarə edə biləcəklər. Nəticədə aqrar sahədə insan əməyinin və maddi qaynaqların istifadəsi minimuma endiriləcək.
Bu layihə, eyni zamanda, kənd təsərrüfatı sahələrini kamera nəzarətində saxlamaq, səmərəlilik və davamlılıq, ətraf mühitin təsirlərindən qorunmaq, pul və vaxta qənaət, kənd təsərrüfatında insan əməyinin azaldılması kimi məqsədləri daşıyan multidisiplinar məhsul kimi hazırlanıb. Sistem daxilində zərərvericiləri ərazidən və məhsuldan uzaqlaşdıran xüsusi səs sisteminə də yer veriləcək.
Əlavə olaraq layihə çərçivəsində sintezlənən Super Absorbent Polimer (SAP) hidrogellər sayəsində parklarda, magistral yol kənarında yaşıllıq ərazilərdə suvarma sisteminə ehtiyac olmadan torpağın nəmlik dərəcəsini tarazlıqda saxlaya bilən sistem yaradılıb.
BDU-nun “TEKNOFEST-2024”ün finalına vəsiqə qazanan “ESST-6” komandasının “E-tarım sulama” layihəsinin isə əsas məqsədi kiçik miqdarda maliyyə sərf etməklə yüksək keyfiyyətə malik ağıllı suvarma texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılmasıdır. Belə ağıllı suvarma sistemləri bitkiləri ehtiyacları olduğu qədər su ilə təmin edərək su israfını maksimum səviyyədə azaldır və su sərfiyyatını effektiv şəkildə idarə edir. Layihə çərçivəsində hazırlanması nəzərdə tutulan ağıllı damcı sulama sistemi suvarma proseslərini daha effektiv və sürətli hala gətirərək, kənd təsərrüfatı sahəsində çalışan insanlara daha yüksək məhsuldarlıq əldə etmək imkanı yaradır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...