22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib

19-01-2024

Yanvarın 19-da Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 2023-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirə iştirakçıları tərəfindən əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün təmini uğrunda aparılmış mübarizədə şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

Fhnews.az xəbər verir ki, Baş prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev 2023-cü ilin müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etməsi və Prezidentin müvafiq Sərəncamı ilə ötən ilin “Heydər Əliyev İli” elan edilməsi, bununla əlaqədar dahi liderin hüquq sisteminin təkmilləşdirilməsi, demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin təsis edilməsi, habelə inkişafı istiqamətində gördüyü işlər, prokurorluq orqanlarının inkişafına verdiyi töhfələrdən danışıb.

Qeyd edib ki, ötən il, eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illiyinin tamam olması ilə də yadda qalıb. Məhz bu illər ərzində dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun əsas güc mərkəzinə çevirib, ölkənin iqtisadi rifahının tərəqqisinə, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş qismində tanınmasına rəvac verib, ən əsası isə onilliklər boyu işğal altında olan torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub.

Vurğulanıb ki, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydanına çevrilib, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə şəhərlərimiz və kəndlərimiz yenidən qurulmaqla, beş mindən artıq keçmiş məcburi köçkün öz doğma yurd-yuvalarına qayıdıb.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarə tərəfindən vətəndaşların 10 min 897 müraciətinə baxılıb.

Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması istiqamətində prokuror təsir tədbirlərinin tətbiqindən də müvafiq dövr ərzində istifadə edilib, yol verilmiş qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 204 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.

Bununla yanaşı, müvafiq dövr ərzində Baş İdarədə 1524 vətəndaşın qəbul edilməsi təmin edilib.

Qeyd edilən müddət ərzində Baş İdarədə 382 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 301 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 81 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda, 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 91 milyon 555 min 723 manat məbləğində maddi ziyandan 36 milyon 118 min 014 manatının ödənilməsi təmin olunub.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 43 milyon 180 min 362 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.

Bundan başqa, ötən dövrdə icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 13 milyon 926 min 714 manat məbləğində maddi ziyan tam olaraq ödənilib.

Hesabat dövrü ərzində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.

Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev növbəti dövr üçün tapşırıq və tövsiyələrini verib.

Paylaş: