22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Baş prokuror Kamran Əliyev Çilidən olan həmkarı ilə görüşüb

02-10-2024
IMG

Oktyabrın 2-də Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının paytaxtımızda 29-cu illik konfransı və ümumi yığıncağında iştirak edən Çili Respublikasının baş prokuroru Angel Maurisio Valensia Vasquezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı Kamran Əliyev bildirib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 30 il ərzində Azərbaycanla Çili arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələr müsbət məcrada inkişaf edib. Baş prokuror tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin gücləndiyini qeyd edərək siyasi sferada qarşılıqlı münasibətlərin müsbət dinamikasının iki ölkənin prokurorluq orqanlarının əməkdaşlığı üçün əlverişli zəmin olduğunu deyib. O, Çili Respublikasının prokurorluq orqanının Bakıda keçirilən beynəlxalq tədbirdə iştirakının əlaqələrimizin perspektivi baxımından son dərəcə nikbin ovqat formalaşdırdığını diqqətə çatdırıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror bildirib ki, COP29 bütün ölkələr üçün iqlim neytrallığı üzrə öhdəliklərin qəbul edilməsinə, iqlim fəlakətlərinə hazırlığın təmin edilməsi üzrə səylərin artırılmasına, həmçinin milli iqlim planları istiqamətində çoxsəviyyəli fəaliyyət və dəyişikliklərin gücləndirilməsinə ilham verəcək.

Çili Respublikasının Baş prokuroru ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Paylaş: