22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bananların nəsli kəsilməsinin qarşısını almağa çalışan alimlərdən yeni araşdırma

14-10-2024
IMG

Dünyada məşhur meyvə olan banan iki təhlükəli xəstəliyə görə nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. Bununla belə, elm adamları bu vəziyyəti çözmək üçün ümidverici addımlar atır. 

1950-ci illərdə geniş şəkildə istehsal edilən Gros Michel bananları Panama xəstəliyi kimi tanınan bir göbələk infeksiyası ilə tamamilə məhv edildi. Bunun üzərinə şirkətlər xəstəliyə davamlı Cavendish bananlarına müraciət etdilər və bu böhran aradan qaldırıldı. Bu gün bu növ dünya banan ixracının 99 faizini təşkil edir.

Ancaq 1990-cı illərdə Panama xəstəliyinin fərqli bir versiyası Cavendish cinsini təhdid etməyə başladı. Bazarlarda olan bananlar bir-birinin genetik surəti olduğu üçün bir bitki xəstəliyə yoluxanda digərləri də təhlükə altında olur. Bundan əlavə, başqa bir göbələk növünün törətdiyi qara sigatoka xəstəliyi bananları təhdid edən mühüm problemlər arasındadır.

Funqisidlərlə mübarizə aparılmağa çalışılan qara sigatoka xəstəliyi bəzi bölgələrdə kimyəvi maddələrə davamlı hala gələn göbələklər səbəbiylə daha da çətinləşib. Alimlər bu xəstəliklərin həlli yollarını axtarır və yeni banan növlərinin yaradılması istiqamətində işlərini davam etdirirlər.

Yeni araşdırma, Panama xəstəliyinin hazırkı variantının 20-ci əsrdən fərqli olmadığını ortaya qoydu. Bu, elm adamlarına xəstəliyin mexanizmini daha yaxşı başa düşmək imkanı verdi və müalicə üçün ümidləri artırdı.

ABŞ-da yerləşən banan istehsalçısı “Chiquita Brands International KeyGene” araşdırma şirkəti, “Musaradix” startapı və Hollandiyanın Wageningen Universiteti ilə əməkdaşlıq edərək Yelloway 1 adlı yeni banan növü hazırladığını açıqladı. Hər iki xəstəliyə davamlı olan bu bitkinin hazırda istixana şəraitində becərildiyi, lakin hələ meyvə vermədiyi bildirilir. İlin sonunda Filippində əkiləcək bu növün Cavendish bananları ilə cütləşdirilərək xəstəliyə davamlı və adi banana bənzər dadı olan yeni sortların çıxarılması planlaşdırılır.

Digər tərəfdən, Avstraliyanın Kvinslend Universitetinin tədqiqatçıları yabanı banan bitkisinin genini Cavendish növünə daxil edərək Panama xəstəliyinə davamlı, geni dəyişdirilmiş banan hazırlayıblar.

Dadı və görünüşünün dəyişməz qalacağı gözlənilsə də, geni dəyişdirilmiş məhsullarla bağlı ictimai narahatlıqlar və xüsusilə Avropada ciddi qaydalar bu növlərin bazara daxil olmasında çətinliklər yaradır.

Paylaş: