22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakıda “Süd vəzi xərçəngi-fərqindəlik” mövzusunda konfrans keçirilib

18-10-2024
IMG

Oktyabrın 18-də Ailə Qadın və Uşaq Komitəsi və Liv Bona Dea Xəstəxanasının birgə təşkilatçılığı ilə ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində “Süd vəzi xərçəngi-fərqindəlik” mövzusunda konfrans keçirilib.

Komitədən verilən məlumata görə, konfransda qeyri-hökumət təşkilatlarının rəhbərləri, Komitə və xəstəxananın əməkdaşları, həkimlər iştirak ediblər.

Xəstəxananın baş direktoru Taner Özbek çıxışında ictimaiyyətin diqqətini süd vəzi xərçəngi ilə mübarizəyə yönəltmək məqsədilə təşkil olunan tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bütün dünya məhz oktyabr ayında bu mövzu ətrafında daha çox müzakirələr aparır. T.Özbek xüsusilə qadınlar və uşaqlar üçün reallaşdırılan işlərdə, həyata keçirilən layihələrdə əməkdaşlığa maraqlı olduğunu vurğulayıb.

Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, tədbirin məqsədi qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır. S.Qəhrəmanova ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. Qadın məsələləri sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının tədbirdə iştirakına diqqət çəkən sədr müavini bildirib ki, sıralarında çoxsaylı qadınları birləşdirən belə təşkilatlar süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işinə töhfə verərək, əldə etdikləri məlumatları daha geniş kütləyə çatdıra bilərlər. Bildirilib ki, gənc nəslin xəstəliklə əlaqədar maariflənməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə xəstəxananın müvafiq sahə üzrə peşəkar həkimləri mövzuya dair təqdimatla çıxış ediblər. Həkimlər xəstəliyin risk amilləri, onun əlamətləri, müayinə metodları barədə iştirakçılara geniş məlumat verib, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs ediblər. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır.

Sonda iştirakçılara süd vəzi xərçəngi ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Paylaş: