22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakıda keçirilən “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb

22-05-2024
IMG

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda keçirilən ikigünlük “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu başa çatıb.

Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Forumun ikinci günündə - mayın 22-də “Meyvə istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “İstixanada zərərli orqanizmlərlə mübarizə təcrübələri”, “Birillik bitkilərin istehsalı sahələrində zərərli orqanizmlərlə mübarizə təcrübələri” və “Bitki mühafizəsi vasitələrindən düzgün istifadə və bioloji mübarizə üsullarının tətbiqi” mövzularında sessiyalar təşkil olunub.

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, sessiyalar zamanı mütəxəssislər tərəfindən müxtəlif mövzularda çıxışlar olub, müzakirələr aparılıb, suallar cavablandırılıb. Mayın 21-də isə “İqlim dəyişikliyi şəraitində dayanıqlı kənd təsərrüfatı təcrübələrinin zərərli orqanizmlərlə mübarizədə rolu: COP29 kontekstində” və “Bitki sağlamlığında elmi-tədqiqatlar və kadr potensialı” mövzularında sessiyalar keçirilib. Fitosanitar Ekspertlər Qrupu təsis edilib.

Qeyd edək ki, forum bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması, mövcud zərərvericilərə qarşı mübarizə və onların idarə olunması yolu ilə bitki sağlamlığının möhkəmləndirilməsi, bitki və bitkiçilik məhsullarının istehsalı və təhlükəsiz ticarətinin genişləndirilməsi, qlobal ərzaq təhlükəsizliyinin və biomüxtəlifliyin qorunması üçün milli bitki sağlamlığı qurumları, regional və beynəlxalq təşkilatlar, dövlət qurumları, universitetlər və istinad laboratoriyaları üçün əməkdaşlıq platformasının təmin edilməsi məqsədilə keçirilib.

Tədbirdə bir sıra dövlət qurumlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər iştirak edib, çıxışlar olub. Azərbaycanda aqrar sahədə aparılan islahatlardan, bitkiçiliyin inkişafı sahəsində görülən işlərdən və bu sahədə əldə edilən uğurlardan danışılıb. Respublikada bitki sağlamlığı sisteminin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi sahəsində aidiyyəti qurumlar tərəfindən görülən işlər və nəzərdə tutulan hədəflər yüksək qiymətləndirilib. “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumunun Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyinə əminlik ifadə edilib.

Etiketlər:
Paylaş: