22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakıda gigiyenik normaları pozan dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
 

25-10-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, o cümlədən COP29 ərəfəsində qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu çərçivədə dönərxanalarda keçirilən monitorinqlər zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 1959 ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Taleh Nizaməddin oğluna məxsus “Bakinski Dönər Evi” ictimai iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, dönərin hazırlanmasında istifadə edilən məhsulların təhlükəsizliyinin təsdiqinə dair sənədlərinin olmadığı, mayonezin uyğun temperaturda saxlanması üçün müvafiq avadanlığın təmin edilmədiyi aşkarlanıb. Məlum olub ki, divar səthləri gigiyenik materialla üzlənməyib, sanitar qovşağın qapısı yuma sahəsinə açılıb, havalandırma sistemi quraşdırılmayıb, təmizlik ləvazimatları üçün ayrıca sahə və ya dolab təşkil edilməyib. Həmçinin ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçinin tibbi müayinədən keçmədiyi, sanitar geyimlə təmin olunmadığı və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş: