Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
- Hörmətli Baş nazir cənab Rama.
Hörmətli komissar xanım Simson.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İlk növbədə Baş nazir Edi Ramanı salamlamaq və bu vacib tədbirdə bizimlə birlikdə olduğuna görə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan və Albaniya iki dost ölkədir. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Bizim olduqca fəal siyasi dialoqumuz var. Bizim cənab Baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var. Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab Baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik.
Mən, həmçinin xanım komissar Simsona da növbəti dəfə ölkəmizə səfər etdiyinə görə minnətdarlığımı ifadə etmək istərdim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının energetika naziri və xanım Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədrləridir. Onlar genişlənməkdə olan böyük heyətin bir araya gətirilməsi və əlbəttə, Avropa İttifaqının bütün planlarımızın reallaşdırılmasında yer alması baxımından vacib rol oynayırlar. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir.
Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.
Burada, Gülüstan sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır.
Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.
Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir.
Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur.
Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Biz bunu alqışlayırıq, heyətimizə xoş gəlmisiniz. Bu, əlavə maliyyələşmə, təcrübə deməkdir və beynəlxalq əməkdaşlığı genişləndirəcəkdir. Bizimlə birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir.
Gələcək planlarımıza gəldikdə, əlbəttə, bu gün biz onları geniş müzakirə edəcəyik. Mən onlardan yalnız bir neçəsini səsləndirmək istərdim. İlk növbədə, biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır.
Bununla yanaşı, bizim “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planlarımız var ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar.
Beləliklə, bütün bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.
Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq.
Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Bizim bərpaolunan enerji ehtiyatları baxımından nəhəng pontensialımız var, istər Xəzər dənizində, istərsə də qurudakı potensial olsun. Bildiyimiz kimi, biz “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tuturuq.
Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar bizim planlardır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq.
Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Beləliklə, biz indi vacib bir məqama gəlirik. Bu məqamın tərəfdaşlıq və əməkdaşlığın qurulması üçün enerjinin və qazıntı yanacağının bir alət və vasitə olduğunu görürük. Qazıntı yanacağı məsələsi ilə bağlı sonuncu məqam. Biz indi qazıntı yanacağının bir növ yalnız problem yaradan bir məsələ olması meylini görürük. Biz ədalətli olmalıyıq və eyni zamanda, neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar. Əks təqdirdə, biz neft və qaz istehsal edən ölkələr və bu resurslara malik olmayan ölkələr arasında sanki ayırıcı xətlər görəcəyik.
Bu məsələ haqqında danışarkən, əlbəttə, burada bu masada dünyanın aparıcı maliyyə institutlarının nümayəndələrinin olduğunu nəzərə alaraq diqqətinizi maliyyələşmə məsələsinə yönəltmək istəyirəm. Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın.
Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir, dediyim kimi artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var və bizim resurslarımız var, bizim infrastrukturumuz var. Hesab edirəm ki, Avropa maliyyə institutlarından maliyyələşmə, ən azından bu layihənin maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir.
Biz hamımız nələrin baş verdiyini bilirik. Azərbaycan, qeyd etdiyimiz kimi yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, eyni zamanda, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz.
Sonuncu məsələ, Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Çünki bizim neftimiz var və bu, bizim ən böyük nöqsanımız hesab olunmuşdur. Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.
Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik, lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi.
Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə, sadəcə, məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Bununla da çıxışımı burada bitirirəm. Bir daha bizimlə bir yerdə olduğunuz üçün təşəkkür edirəm. Fürsətdən istifadə edərək hamınızı COP29-a aparan bu mühüm yolda bizim tərəfdaşımız olmağa dəvət etmək istəyirəm. Təşəkkür edirəm.
***
Azərbaycanın energetika naziri Pərviz Şahbazov:
- Zati-aliləri Prezident Əliyev, biz Sizin dəyərli çıxışınıza görə təşəkkürümüzü bildiririk və bu Məşvərət Şurası yarandığı gündən Cənub Qaz Dəhlizinə böyük töhfə vermişdir. İndi bu platforma məhz Sizin baxışlarınıza uyğun olaraq genişlənir. Çünki Yaşıl Enerji Məşvərət Şurası da var və biz Sizin davamlı dəstəyinizə ümid edirik. İndi isə mən sözü Zati-aliləri, Albaniyanın Baş naziri cənab Edi Ramaya vermək istəyirəm. Cənab Baş nazir, söz Sizindir.
***
Albaniyanın Baş naziri çıxış etdi.
Baş nazir Edi Ramanın
çıxışı
- Möhtərəm Prezident Əliyev, əziz dost.
Hörmətli dostlar.
Bu gün mənə göstərilən qonaqpərvərliyə görə hədsiz dərəcədə minnətdaram. Həmçinin cənab Prezidentin Azərbaycan və Albaniya arasında əməkdaşlığımızın mahiyyətini, habelə şəxsi münasibətimizi təsvir edən ifadələri məni qürurlandırdı.
Səkkiz il əvvəl nazirlər səviyyəsində keçirilən iclasda Prezident Əliyev demişdir ki, Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın unikal formatının təməlini qoyur. Bu, ölkələr, şirkətlər və maliyyə institutları arasında olan yeni əməkdaşlıq təcrübəsi gələcək illər ərzində bir çox digər sahələri də əhatə edəcək. Cənab Prezident bunu proqnozlaşdıra bildi.
Həqiqətən də bu yeni Enerji İpək Yolu olan Cənub Qaz Dəhlizi sıx əməkdaşlıq baxımından bir körpü oldu və ölkələr, şirkətlər, maliyyə institutlarını elə bir formatda bir araya gətirdi ki, bu layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdı. Bu gün bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini yaşıl enerji təşkil edir.
Bu gün hamımız Cənub Qaz Dəhlizinin bir çoxlarının həyatını dəyişdirdiyinin şahidiyik və bu layihə Avropanı daha da təhlükəsiz etdi. Avropanın ehtiyatlarını artırmaqda olduğu bir vaxtda, Cənub Qaz Dəhlizi heç şübhəsiz ki, Avropa İttifaqına boru kəməri ilə nəql edilən təbii qazın nadir və sabit mənbələrindən biri olmaqda davam edəcək. Avropaya Rusiyadan nəql edilən qaz payının 40 faizdən 8 faizə və tezliklə sıfra bərabər olacağını, yaşıl gündəlik və karbonsuzlaşma məsələlərinin olduqca aktual olduğunu nəzərə alaraq, Azərbaycan qazı və Xəzər hövzəsi bizim birgə gələcəyimiz üçün mühüm rol oynayır.
Albaniyaya gəldikdə, biz strateji baxımdan Trans-Adriatik boru kəmərinin marşrutu üzərində yerləşirik və bu, Cənub Qaz Dəhlizi layihəsinin mühüm halqasıdır. Əlbəttə ki, biz bu transformasiya imkanına malik dəhlizin imkanlarından istifadə etmək niyyətindəyik. Bunun üçün biz bərpaolunan enerji layihələrinə sərmayə qoymağı və dayanıqlı enerji infrastrukturu yaratmağı hədəfləyirik. Hazırda Albaniya tam şəkildə bərpaolunan enerjidən faydalanan ölkədir. Lakin bizə enerji mənbələrinin şaxələndirilməsi lazımdır və biz bu istiqamətdə çalışırıq. Bizim üçün şaxələndirilmə əsasən hidroelektrik enerjisi deməkdir.
Bərpaolunan enerji layihələrinə sərmayə qoyuluşu bizim üçün həlledicidir və son illərdə bu, Albaniyanı yaşıl keçid və enerji sektorunda innovasiyalar baxımından təbii məkana çevirib. Bu baxımdan Cənub Qaz Dəhlizi kontekstində yaşıl hidrogenə dair dialoq başladılması çox vacibdir.
Bu, bir daha uzaqgörən təşəbbüsün dəyərini təsdiq edir. İlk olaraq bu, ətraf mühitin qorunması ilə bağlı narahatlıqla əlaqədar alət təklif edir və dəhlizin qlobal dayanıqlılıq hədəfləri ilə uyğunluğunu təşviq edir. İkincisi, yaşıl hidrogen yeni iqtisadi imkanlar açır, təmiz enerji sektorunda innovasiyanı, tədqiqatı və inkişafı təşviq edir. Nəhayət bu, dəhlizi karbonsuzlaşmanı hədəfləyən dünyanın dəyişməkdə olan tələblərinə cavab verən uzaqgörən layihə olaraq təqdim edir.
Diqqətinizə çatdırmaq istərdim ki, azərbaycanlı dostlarımız mövcud infrastrukturumuzun inkişafı üçün ən əlverişli ssenarilərin müəyyən edilməsi və enerji sahəsinin çağırışlarına uyğunlaşdırılması baxımından təcrübələri ilə bölüşərək bizə əvəzsiz töhfə verirlər. Buna görə dərin minnətdarlığımızı bildiririk.
Hazırda biz Albaniyanın qazlaşdırılması layihəsi üzərində işləyirik və Prezident Əliyevin dəstəyi sayəsində ənənələrin tarixən bizi məhrum etdiyi bir iş üzərində çalışırıq. Tariximizlə yaxından tanış olmayanlar üçün deyim ki, biz özümüzü hər zaman həm Qərbdən, həm də Şərqdən təcrid edərək, sanki əsl kommunizm uğrunda yeganə mübarizə aparan olmuşuq. Biz amerikan və sovet imperializmini rədd etmişik və Avropanın mərkəzində Şimali Koreyada yaşamışıq. Demək olar ki, bütün qaz və dəmir yolu sistemlərimiz ya mövcud olmayıb, ya da dünyadan təcrid vəziyyətdə olub.
Həmin səbəbdən biz inkişaf kursumuzun bu mərhələsinə böyük əhəmiyyət veririk. TAP çərçivəsində əldə etdiyimiz təcrübəyə əsasən biz tərəfdaşlarımızla birlikdə Albaniyanın cənubunda maye qaz terminalları inşa etməyi planlaşdırırıq.
Xanımlar və cənablar, Marko Polo Bakı ərazisində neft quyularının səpələndiyini, neftdən işıqlandırma və sağlamlıq məqsədləri üçün istifadə olunduğunu qeyd edirdi. Ancaq 1877-ci ildə Çarlz Marvin dünyaya sübut etmişdir ki, hətta İsa peyğəmbərdən əvvəl belə, bu gün Bakının yerləşdiyi Abşeron yarımadasından neft, indiki İran, İraq, Hindistan və digər ölkələrin ərazisindən nəql edilirdi.
Keçmişdə Bakının nəhəng sərvəti Avropa və Asiya sivilizasiyalarının qızıl erasını dəstəkləyib. Bu gün həmin resurslar və həmin qaz yataqları bizim ölkələrin qızıl erasını dəstəkləmək potensialına malikdir. Bu, dekarbonizasiya və dayanıqlı enerji təchizatına əsaslanmış çoxtərəfli əməkdaşlıq, davamlı sülh və tərəqqi erasıdır.
Çıxışımın yekununda Prezident Əliyev tərəfindən qeyd edilmiş bir təşəbbüsə münasibət bildirmək istərdim. COP ilə bağlı məşəlin Azərbaycan tərəfindən götürülməsini və tədbirə ev sahibliyi etməsini nəzərdə tuturam. Bu, böyük göstəricidir. Çünki qazıntı yanacağı ilə zəngin bir ölkə qərar verir ki, gəlin hamımız birlikdə düşünək - yaşıl enerjiyə keçid necə real və bütün dünya üçün faydalı ola bilər. Bu mənada Azərbaycan və bu tədbirə ev sahibliyi edən dəyərli şəxs ən yüksək təqdirə layiqdir. Cənab Prezident çox təşəkkür edirəm. Sağ olun.
***
Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasını həmsədri xanım Kadri Simson çıxış etdi.
Komissar Kadri Simsonun
çıxışı
- Sağ olun. Prezident Əliyev, Baş nazir Rama, Zati-aliləri, xanımlar və cənablar! Mən bu gün Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasının açılışında iştirak etməkdən məmnunam. İcazə verin, mən çıxışıma Prezident Əliyevin yenidən dövlət başçısı seçilməyi münasibətilə təbriklə başlayım. Həmçinin ötən il məhsuldar əməkdaşlığa görə həmkarım nazir Şahbazova təşəkkürümü bildirmək istəyirəm. Həmişə olduğu kimi burada - Bakıda səmimi qəbula görə hamınıza minnətdaram.
Mən artıq üçüncü dəfədir ki, Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edirəm və elə bilirəm xoş bir təsadüfdür ki, biz keçmişə nəzər salmalıyıq və Avropa İttifaqı-Azərbaycan arasındakı bu tərəfdaşlıq layihəyə nə verib. Mən 2019-cu il dekabrın 1-də səlahiyyətlərimin icrasına başladım və həmin vaxt məhz TANAP qaz boru kəmərinin Avropaya çıxması anı idi və Azərbaycan qazının Avropa İttifaqına ilk axını bir il sonra - 2020-ci il dekabrın 31-də başladı. O vaxt COVID vaxtı idi, təmaslar çətin idi. Avropada bəziləri düşünürdü ki, Cənub Qaz Dəhlizi artıq başa çatmış bir missiyadır və buna daha çox diqqət yetirilməli deyil. Mən belə düşünmürdüm. Mən hər zaman gördüm ki, Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var. Mən 2022-ci ildə buraya ilk iclasa gələndə dedim ki, necə etməliyik ki, məhz bizim münasibətlərimizin bütün potensialı daha da genişlənsin, bu dəhliz yeni bazarlara çıxsın və təmiz enerjiyə gəldikdə, biz öz işimizin miqyasını artıraq və bütün bunlar baş verdi.
Bu gün məhz qaz axını Avropaya Cənub Qaz Dəhlizindən gedir və 2021-ci illə müqayisədə bu, 46 faiz çoxdur. 2023-cü ildə Avropa İttifaqı Azərbaycandan 11 milyard kubmetr sabit və təhlükəsiz şəkildə qaz təchizatını qəbul etdi və Avropa İttifaqının üzv dövlətləri və genişlənməyə namizəd olan ölkələr bu qazın alınmasında maraqlıdırlar. Artıq dediyim kimi, biz ötən il sizin məhz Panavropa təchizatına çevrildiyinizi gördük və bu baxımdan, əslində, bu həcmlərin artırılması üzərində işləyirik. Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaqdır. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaqdır. Çünki hazırda biz görürük ki, digər etibarlı enerji tərəfdaşlarımız var və onlardan biri məhz Azərbaycandır. Sizi əmin edə bilərəm ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı uzunmüddətlidir və bu səbəbdən Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracağıq və ən vacibi isə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı öz çevikliyini və dinamikliyini göstərir.
Cənub Qaz Dəhlizi, həmçinin bərpa edilən enerji və elektrik enerjisi sahəsində əməkdaşlıq üçün foruma çevrilə bildi. Bu, inanılmaz nəticədir və layihənin nə dərəcədə gələcəyə yönəlmiş və açıq olduğunu sübuta yetirdi. Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan arasında ikitərəfli münasibətlərin əsas hissəsinə çevirdik. Biz burada, Küləklər şəhərindəyik. Bu, Xəzər dənizində böyük bərpaolunan enerji potensialının növbəti bir nümunəsidir. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin həcmini üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə dəstək olaraq COP28-də Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlara qoşulmuşdur. Həmin beynəlxalq təşəbbüs, beynəlxalq ticarət və sərmayə üçün daha yaxşı şəraitləri yaratmaq və milli səviyyədə enerji keçidini sürətləndirmək üçün ölkələr daxilində aydın şəkildə müəyyən edilmiş öhdəliyə uyğundur. Mən bu sahədəki təşəbbüsü alqışlayıram və biz hazırda Azərbaycanla işləmək məqsədilə Avropa İttifaqının bərpaolunan enerji şirkətlərinin artan marağını görürük. Bu nazirlər iclasında Avropa İttifaqının külək enerjisi şirkətləri ilə Anlaşma memorandumunun imzalanması çox mühüm addımdır. Bərpaolunan enerjiyə aid bu öhdəlik, həmçinin Avropa ilə yeni qarşılıqlı layihələrə yol açır.
Biz bu gün Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında Yaşıl enerji dəhlizi layihəsini müzakirə edəcəyik. Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi təşəbbüsü region üçün xüsusi önəm daşıyır. O, həmçinin Avropa İttifaqına gələcəkdə elektrik enerjisi ixracında Azərbaycanı əsas tərəfdaş kimi müəyyən edir. Bu vacibdir, çünki Avropa İttifaqında elektrik enerjisinin istehlakı artacaqdır. 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur. Bu, gələcək infrastruktur layihələri, həmçinin bizim üçün vacibdir. Təsadüfi deyil ki, Azərbaycan noyabrda BMT-nin növbəti İqlim Dəyişmələri Konfransına ev sahibi seçilmişdir və bu da Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Kompleks infrastruktur layihələrinin icrasında bacarığınızın təzahürüdür və təmiz keçidlə bağlı Sizin gələcək baxışlarınızdır. Şübhə etmirəm ki, bu, uğurlu COP29 olacaqdır və tam əminliklə Siz Avropa İttifaqının dəstəyinə arxalana bilərsiniz.
Biz bütün maraqlı dairələrlə işləməyə hazırıq və enerji səmərəliliyi ilə bağlı olan təşəbbüslərin icrasına töhfə vermək istəyirik ki, həm ikitərəfli, həm qlobal metan qazı təşəbbüsü xətti ilə neft və qaz sənayesindən metanın havaya atılmasının azaldılması məsələsində çalışmağa hazırıq. Təbii ki, bu, bizim strateji məqsədlərimizdir.
Zati-aliləri, xanımlar və cənablar! Son illər ərzində Cənub Qaz Dəhlizi uğur hekayəsinə çevrildi. Bu hekayənin yeni qəhrəmanları var. Mən bu gün xüsusi məmnunluqla Baş nazir Ramanın yanında əyləşmişəm və masa arxasında Qərbi Balkanlar və Cənub Şərqi Avropadan və Avropa İttifaqından rəsmi nümayəndələri görürəm. Şadam ki, Avropa İttifaqı ilə Azərbaycan bu cür müsbət münasibətlər qurub. Biz Cənub Qaz Dəhlizi üzrə bütün tərəfdaşlarla başladığımız işin davam etməsini səmimiyyətlə arzulayırıq. Enerji şaxələndirməsini birlikdə sürətləndirə bilərik və iqlim neytrallığı üçün əmin yolla gedə bilərik.
Prezident Əliyev, çox səmimi qəbula görə bir daha Sizə təşəkkürümü bildirirəm və hamınıza diqqətinizə görə minnətdaram.
***
Pərviz Şahbazov: Komissar Simson, fəal həmsədrliyinizə görə təşəkkürümü bildirirəm və bizim şura çərçivəsində enerji sahəsindəki əməkdaşlığa verdiyiniz dəstəyə görə minnətdaram. Bununla bizim açılış sessiyamız başa çatır.
Cənab Prezident, cənab Baş nazir, bu gün bizimlə olduğunuza görə sizə təşəkkürümüzü bildiririk.
***
Qeyd edək ki, toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib.
Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.
Prezident İlham Əliyev Millətlər Birliyi...
Prezident İlham Əliyev Palau Prezidenti...
Prezident İlham Əliyev Rusiyanın maliyyə...
Prezident İlham Əliyev ICESCO-nun Baş...
Prezident İlham Əliyev Kuala Lumpur...