22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bakı Dövlət Sirkinin qarşısındakı qurumuş ağaclar müvafiq ekspertiza rəyi əsasında götürülüb

09-08-2024
IMG

Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı, şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır. Bunu nəzərə alaraq son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq struktur bölmələrinin və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarında olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlərin intensivliyi artırılıb.

Fhnews.az xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyindən verilən məlumata görə, sözügedən ağaclara baxış keçirilir, onlar işarələnir və aktlaşdırılır. Monitorinqlər nəticəsində aşkar edilən quru, qəzalı, bioloji inkişaf dövrünü başa vurmuş və xəstəliklərə yoluxmuş ağacların götürülməsinə rəy alınması üçün yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilir. Bu ağacların götürülməsinə müsbət rəy verildikdən sonra müraciət edənlərin müvafiq qərarı və yaşıllığın götürülməsi vərəqi əsasında ağacların növbəli şəkildə götürülməsi həyata keçirilir. Yarıquru ağaclar isə budanaraq təhlükəsiz vəziyyətə gətirilir.

İşlərə mərhələli şəkildə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından başlayaraq start verilib. Bu günlərdə Bakı şəhəri Səməd Vurğun küçəsi – Bakı Dövlət Sirkinin qarşısındakı 8 ədəd quru ağac da sözügedən monitorinqlər nəticəsində aşkarlanaraq müvafiq ekspertiza rəyi əsasında götürülüb.

Qeyd edilib ki, Agentlik tərəfindən verilən rəydə götürülən hər bir ağacın yerində payız mövsümündə yerli iqlimə uyğun yeni ağacların əkilməsi şərti qoyulub. Rəy əsasında bütün işlər Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Bununla bağlı Agentliyin müvafiq şöbəsi tərəfindən mütəmadi olaraq nəzarət proseduru mövcuddur.

Paylaş: