22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bağçalarda diaqnostik qiymətləndirilmə prosesi başlanıb

19-10-2024
IMG

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün ilk dəfə olaraq onların diaqnostik qiymətləndirilməsi həyata keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, prosesin test mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur. Ümumilikdə prosesdə 13 minə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Namizədlər 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən suallar cavablandırılır. Qiymətləndirilmə zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

Paylaş: