22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AzMİU-da “TələbəPlus” kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

11-09-2024
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Fhnews.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Qeyd olunub ki, sənədi AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar. Bununla bağlı AzMİU-da iki qurumun rəhbərləri və nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə vurğulanıb ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir və vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Builki tədris ilindən etibarən tətbiq olunan vahid tələbə kartı universitetə giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim, güzəşt və kəşbək imkanları təklif edir.

Professor Gülçöhrə Məmmədova dünya təcrübəsində rast gəlinən bu cür sosialyönümlü layihələrin Azərbaycanda da tətbiq olunmasını böyük nailiyyət kimi qiymətləndirib. Rektor bildirib ki, sosial dəstək xarakterli ideya və təşəbbüslər tələbələrin ali təhsil almaq imkanlarını genişləndirməklə yanaşı, ümumilikdə gənclərin bu istiqamətə yönəlməsinə də xidmət edir.

Elnur Nəsibov layihənin necə ortaya çıxması, bunun üçün aparılan danışıqlar barədə məlumat verib. AzMİU-nun müqavilənin imzalandığı ilk ali təhsil ocaqlarından biri olduğuna diqqət çəkən, eyni zamanda, layihənin bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək məqsədilə həyata keçirildiyini deyən Fond rəhbəri ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsinin planlaşdırıldığını qeyd edib. Elnur Nəsibov alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində onlara özəl güzəştlər olunması üçün Fondun öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi ilə ilkin anlaşmaya əsasən muzeylər, qalereyalar və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər tətbiq ediləcək. Əlavə edib ki, tələbələrə güzəştlərin əhatə dairəsi bundan sonra da genişləndiriləcək.

Söhbət zamanı gələcəkdə bütün təhsil ictimaiyyətini əhatə edəcək belə layihələrin gerçəkləşdirilməsinin planlaşdırıldığı da qeyd edilib.

Görüşdə, həmçinin AzMİU ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Fond tərəfindən universitetdə Dayanıqlı İnkişaf Mərkəzinin yaradılması, elmi-pedaqoji heyətin və tələbələrin IELTS imtahanına təşviq edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin tədris binalarında olublar. Rektor qonaqlara tədris binasının tarixi, memarlığı, sərgilənən diplom və kurs işləri, fotostendlər haqqında məlumat verib.

Paylaş: