22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanla Türkiyənin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir

11-09-2024
IMG

Sentyabrın 11-də Baş prokuror Kamran Əliyev Azərbaycana işgüzar səfərə gələn Türkiyə Ali Məhkəməsinin sədri Ömər Kərkəzin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Ömər Kərkəzi qardaş ölkənin Ali Məhkəməsinin sədri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.

Tarixən milli köklərə söykənən münasibətlərimizin bütün sahələrdə dinamik inkişaf etdiyi bildirilərək, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri və apardıqları uzaqgörən xarici siyasət nəticəsində əlaqələrimizin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda geniş bərpa-quruculuq işlərinin aparıldığını, o cümlədən bu ilin iyununda Xankəndi Şəhər Prokurorluğunun təntənəli açılış mərasiminin keçirildiyini bildirərək, bu addımın işğaldan azad olunan ərazilərdə qanunçuluğun təminatına verilən önəmin göstəricisi olduğunu qeyd edib.

Baş prokuror bu ilin payızında ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, o cümlədən COP29-a və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransına ev sahibliyi edəcəyini bildirib.

Ömər Kərkəz ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı iştirak edib.

Paylaş: