22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

11-09-2024
IMG

Sentyabrın 11-də Tailandın Xarici İşlər Nazirliyinin və aidiyyəti qurumlarının nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

BBMM-dən verilən məlumata görə, mərkəzin icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycandakı multikulturalizm siyasəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə multikultural dəyərlər əsrlərdən bəridir son dərəcə önəmli yer tutur, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayırlar. İcraçı direktor vurğulayıb ki, multikulturalizm Azərbaycanda tarixən formalaşsa da, onun siyasi əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

BBMM-in fəaliyyətindən danışan R.Həsənov 2014-cü ildə yaradılan mərkəzin beynəlxalq statusa malik olduğunu, azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm layihələr həyata keçirdiyini qeyd edib. Deyib ki, dünyanın nüfuzlu universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamı olaraq xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün qış və yay məktəbləri təşkil edilir.

Mərkəzin, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə beynəlxalq konfransların təşkili üçün platforma rolunu oynadığı da diqqətə çatdırılıb.

Qonaqlara Zəfərimizlə başa çatan Vətən müharibəsi barədə də məlumat verilib.

Tailand nümayəndə heyətinin üzvləri, həmçinin Azərbaycan multikulturalizmindən bəhs edən film izləyiblər.

Görüşdə multikulturalizm sahəsində təcrübə mübadiləsi aparmaq istiqamətində qarşılıqlı əməkdaşlıq məsələsi müzakirə olunub, qonaqların sualları cavablandırılıb.

Paylaş: