Azərbaycanla Pakistan arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Səhiyyə Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Qasım Mohiuddini Pakistanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
T.Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq nümunəvidir. O, dövlətlərarası münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini xüsusi qeyd edib.
Səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan nazir qeyd edib ki, bu istiqamətdə də qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, Azərbaycan Tibb Universiteti ilə Pakistanın Rifah Beynəlxalq Universiteti arasında fəal əməkdaşlıq mövcuddur. Ötən ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən tibb təhsili üzrə beynəlxalq konfransın keçirilməsi səmərəli əməkdaşlığın bariz nümunəsidir”.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Səfir Qasım Mohiuddin vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. Səfir hazırda onlarla pakistanlı tələbənin Azərbaycan Tibb Universitetində ali təhsil aldığını diqqətə çatdırıb.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsinin perspektivləri müzakirə edilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...