22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında fəaliyyət perspektivləri müzakirə edilib

16-03-2024

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

Fhnews.az xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub və gələcək fəaliyyət perspektivləri müzakirə edilib.

Şeyxülislam A.Paşazadə Migel Anxel Moratinosun təmsil etdiyi qurumun dünyada dinlərarası dialoq prosesinə real töhfələrini yüksək dəyərləndirib. Dini lider BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin sivilizasiyalararası əməkdaşlıq işinə mühüm dəstək verən Azərbaycan dövlətinin təşəbbüslərini, ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə yaxından, fəal iştirakını xüsusi qiymətləndirib. O, M.A.Moratinosun qarşıdakı mühüm əhəmiyyətli qlobal tədbirdə - VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının mədəniyyətlər və dinlərarası dialoq işinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Alyansın müasir dövrün təhdidləri ilə mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayan QMİ sədri ali nümayəndənin bu sahədə fəal səylərini xüsusi vurğulayıb.

Moratinos Allahşükür Paşazadə ilə dünyanın bir çox ölkələrində aparıcı dinlərarası platformalar çərçivəsində görüş və əməkdaşlıq nümunələrini məmnunluqla xatırladaraq, Alyans xətti ilə təşkil olunacaq qarşıdakı tədbirlər barədə məlumat verdi və bu tədbirlərdə şeyxülislamın iştirakının arzulanan olduğunu qeyd etdi. Moratinos bu ilin mayında iştirak edəcəyi Bakı Forumu çərçivəsində dini liderlərin panel görüşü formatında toplantısına xüsusi dəyər verdiyini və onun işinə qatılacağını bildirib. Təmsil etdiyi qurumun beynəlxalq təhlükəsizliyin təmin olunmasında dini liderlərin roluna böyük əhəmiyyət verdiyini deyən BMT rəsmisi Azərbaycanın dini liderinin bu istiqamətdə hər zaman fəal səylərlə çıxış etdiyini yüksək qiymətləndirdiyini bildirib. O, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxunub.

Şeyxülislam təəssüflə qeyd edib ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib. Lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT-nin qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülhü, xalqlar arasında dinc, yanaşı yaşamaq ideyasını rədd edir, dini liderə uyğun olmayan tərzdə nifrət çağırışları ilə çıxış edir.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş: