22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycanda müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək

14-05-2024
IMG

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində bioloji təhlükəsizliyin qorunması, eləcə də xüsusi təhlükəli, zoonoz, ekzotik xəstəliklərin erkən aşkarlanması və çevik cavab tədbirlərinin vaxtında icrası məqsədilə tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan atların, arıların, donuzların infeksion və invazion xəstəliklərinə qarşı epizootoloji monitorinqlər keçiriləcək.

Bu il mayın 17-dən iyunun 14-dək atlar (atçılıq təsərrüfatları istisna olmaqla), arılar və donuzlar arasında fərdi və fermer təsərrüfatlarında təsadüfi seçmə üsulu ilə təyin olunmuş ərazilərdə keçiriləcək monitorinqlər zamanı xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect5” proqramına daxil olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Tədbirlər zamanı götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq.

Qeyd edək ki, monitorinqlər nəticəsində əldə edilmiş göstəricilər müxtəlif xəstəliklər üzrə ölkə hesabatının hazırlanmasında istifadə olunacaq.

Paylaş: