22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan xanlıqları dövrünə aid monoqrafiyanın təqdimatı olub

16-10-2024
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Ümumi fənlər kafedrasının professoru Abbas Seyidovun “Azərbaycan xanlıqları: dövlətçilik rəmzləri, hüquq sistemi, pul dövriyyəsi və sikkə zərbi” monoqrafiyasının təqdimatı keçirilib.

BMU-dan verilən məlumata görə, tədbirdə çıxış edən kafedranın müdiri Hümeyra Mustafayeva Azərbaycanın dövlətçilik tarixinin əsas hissəsini təşkil edən xanlıqlar dövrünün araşdırılmasının, tarixi faktların üzə çıxarılmasının vacibliyindən danışıb. Qeyd edib ki, xüsusilə də uzun illər erməni işğalçıları tərəfindən dağıdılmış tarixi abidələrimizin yenidən araşdırılmasına və gənc nəslə çatdırılmasına böyük ehtiyac var. Hümeyra Mustafayeva bu baxımdan monoqrafiyanı faydalı mənbə kimi qiymətləndirib.

Monoqrafiyanın müəllifi Abbas Seyidov Azərbaycan xanlıqları dövrünü əhatə edən tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, XVIII əsrin ikinci yarısı, XIX əsrin əvvəllərində Azərbaycan ərazisində 20-dən artıq xanlığın mövcud olduğunu deyərək, xanlıqların dövlətçilik rəmzləri, inzibati idarəçilik və hüquqi sistemi, pul dövriyyəsi və sikkə zərbinə dair yeni, lakonik, eləcə də ümumiləşdirilmiş materialların monoqrafiyada öz əksini tapdığını qeyd edib.

Çıxış edənlər Azərbaycan dövlətçilik tarixinin öyrənilməsi baxımından nəşrin önəminə diqqət çəkib, eyni zamanda, kitabın tələbələr, tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən monoqrafiyaya müxtəlif muzeylərdə nümayiş olunan bayraq, şeşpər və digər əşyalarla yanaşı, kolleksiyaçı R.Rzayevin 50 ildən artıq topladığı və xanlıqlar dövrünə aid gümüş, həmçinin misdən hazırlanmış seçmə numizmatik materiallar daxil edilib.

Paylaş: