22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan və Səudiyyə Ərəbistanı Baş prokurorluqları arasında Memorandum imzalanıb

30-09-2024
IMG

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl-Mucibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Kamran Əliyev xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu vurğulayıb. O, bu sahədə dövlət başçıları İlham Əliyevin və Kral Salman bin Əbdül-Əziz Əl Səudun misilsiz xidmətlərini qeyd edib.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışan Kamran Əliyev həmin konfransın dövlətlərarası yeni əməkdaşlıq formatlarının yaradılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağında Səudiyyə Ərəbistanı Krallığının iştirakından məmnunluğunu ifadə edən Kamran Əliyev bunun əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini bildirib.

Daha sonra Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Baş prokurorunu noyabrın 15-də Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi tərəfindən Bakıda təşkil olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusundakı Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib.

Şeyx Səud bin Abdullah Əl-Mucib rəhbərlik etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirməklə iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə bundan sonra da dəstək verəcəklərinə əminliyini ifadə edib.

Sonda ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Paylaş: