Azərbaycan terrorçuluqla mübarizədə əlaqə məntəqəsini Ermənistanla münasibətlər normallaşandan sonra yaradacaq
Azərbaycan qonşu Ermənistanla terrorçuluqla mübarizədə əlaqə məntəqəsini ancaq münasibətlər normallaşandan sonra yaradacaq. Ölkəmiz bu barədə Avropa Şurasının Baş katibliyinə bəyanat ünvanlayıb. Əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidməti təyin olunur.
Fhnews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin 2023-cü ilin payız sessiyasında sonuncu plenar iclasının gündəliyində müzakirəyə çıxarılan “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən terrorçuluqla mübarizə sahəsində ictimai təxribat, təlimin təmin olunması və terrorçuluğa cəlb edilməsinə görə məsuliyyətin əhatə dairəsi genişləndirilir.
Əlavə Protokol vasitəsilə bu Konvensiyaya "Terror aktları nəticəsində beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” haqqında BMT Təhlükəsizlik Şurasının 2178 saylı (2014) qətnaməsi nəzərə alınmaqla, xarici terrorçu döyüşçülərin münaqişə zonalarına axınının qarşısını almaq və cilovlamaq məqsədi daşıyan tədbirlərin həyata keçirilməsinə yönəlmiş bir sıra müddəalar əlavə edilir.
Əlavə Protokola əsasən, terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında mövcud məlumat mübadiləsinin vaxtında və sürətli təmin edilməsi üçün tərəflər 7/24 fəaliyyət göstərən əlaqə məntəqəsi təyin edirlər.
Azərbaycan Respublikasına münasibətdə, Əlavə Protokolun 7-ci maddəsinə müvafiq olaraq, əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizlik Xidməti təyin olunur. Avropa Şurası Baş katibliyinə ünvanlanmış bəyanatda dövlətimiz tərəfindən təyin olunmuş əlaqə məntəqəsinin əlaqə məlumatları qeyd edilir. Bəyanatda, həmçinin Əlavə Protokolun müddəalarının Ermənistan Respublikası ilə münaqişənin nəticələri tamamilə aradan qaldırılana və hər iki dövlət arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi bildirilib.
Qeyd edək ki, Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...