Azərbaycan ilə Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan Səhiyyə Nazirliyində Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev son illərdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini vurğulayıb. Nazir, həmçinin səhiyyə sahəsində Azərbaycan-Belarus səmərəli əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edib. Tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və digər sahələrində çalışan mütəxəssis və həkimlərin mütəmadi olaraq təcrübə mübadiləsinin, ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlərin təşkil olunduğunu söyləyən T.Musayev deyib: “Sevindirici haldır ki, bu illər ərzində iki ölkənin tibb mütəxəssisləri arasında nəinki möhkəm işgüzar əlaqələr, həmçinin dostluq münasibətləri təşəkkül tapıb”.
Ölkələrimiz arasında əczaçılıq sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayan nazir əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu qeyd edərək bildirib: “Əczaçılıq sənayesi gələcəyin iqtisadiyyatının əsas sahələrindən biridir, çünki yüksək keyfiyyətli tibb və millətin sağlamlığı hər bir ölkənin uğurlu sosial-iqtisadi inkişafının mühüm tərkib hissəsidir”.
Belarusun səhiyyə nazirinin müavini bu cür görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb. Belarusda əczaçılıq sənayesinin sistemli və dinamik şəkildə inkişaf etdiyini vurğulayan Aleksandr Starovoytov təkcə hazır dərman formalarının Azərbaycana ixracının deyil, həm də bu sahənin inkişafına və ölkəmizdə mütəxəssislərin hazırlanmasına kömək göstərilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Belarusda ürək cərrahiyyəsi, transplantologiya, hematologiya, immunologiya, uşaq onkologiyası və tibbin digər sahələrində ciddi nailiyyətlərin əldə edildiyini vurğulayan nazir müavini Azərbaycan Səhiyyə Nazirliyi, eləcə də onun tabeliyindəki elmi-tədqiqat institut və mərkəzləri ilə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında maraqlı olduğunu bildirib.
Söhbət zamanı tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivləri, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov da iştirak edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...