Azərbaycan folklorunda insan-təbiət münasibətləri
İnsan təbiətdir, təbiət İnsandır. İnsan təbiətsiz, təbiət insansız yaşaya bilməz. Min illər öncə dünya indiki deyildi. Təbiətin indiki biçimə gəlməsi birdən-birə olmayıb. Dünyadakı insanların ağlı da şübhəsiz, indiki kimi deyildi. Təbiət insana qoynunda səxavətlə yer vermişdi. İnsan dünyaya heyran idi. Təbiətin nemətlərindən faydalanırdı. Gördüyü nə varsa, anlamağa çalışırdı, hər şey ona qəribə gəlirdi, səbəbini tapmağa çalışırdı. Ağlı inkişaf etdikcə günəşin doğmasını, batmasını, yağışın yağmasını, ildırımın çaxmasını, qarın yağmasını, çayın axmasını mənalandırırdı, möcüzə sayırdı. Əcdad insana göy çox uca, əlçatmaz gəlirdi, dağda isə nəsə qəribə bir həyranlıq, vüqar duyurdu…
Dünyada çoxlu xalqlar, hər birinin də yaranışla, təbiətlə bağlı təsəvvürləri var. Xalqımızın qədimdən bəri təbiətlə bağlı yaranan duyumu bu gün də canlıdır, yaşarıdır. Bu gün təbiətin qorunması ilə bağlı çağırışlar artdıqca insanın bu acınacaqlı durumu düzəldəcəyi ümidləri də artır.
Bu fikirlər AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlunun “Azərbaycan folklorunda insan-təbiət münasibətləri” sərlövhəli məqaləsində yer alıb.
Fhnews.az xəbər verir ki, AZƏRTAC “Yaşıl dünya naminə həmrəylik ili”ni və ölkəmizdə keçiriləcək COP29-a hazırlığı nəzərə alaraq yazını təqdim edir.
Azərbaycan insanı əcdaddan gələn təbiətə münasibətini ardıcıl, yaradıcı inkişaf etdirməklə dünyaya örnək ola bilər. Bu, bizim xalq olaraq mənəvi borcumuzdur. Həm də meşə fondunun, içməli su imkanının az olduğu ölkəmizdə təbiətə mənəvi yanaşma bəsləməyimiz təbii sayılmalıdır. Qloballaşan dünyada həlli çətin qayğılar isə artmaqdadır.
İlkin mifoloji düşüncədə tanrıçılıq görüşləri əcdadın dünyaya, həyata, insana, təbiətə münasibətini formalaşdırdı. Tanrıçılıqda dünyadakından yaranma ideyası var, tanrı dünyadadır, dünyadan qıraqda deyil. Əcdad Türk dünyanın yaradılışında iştirak edir, tanrısı ilə birdir, tanrısına ərklidir. Tanrı da əcdadla birdir.
Qədim türk panteonu xeyirlə şərin savaşı, şərin gec-tez məhv olacağına inam ideyası üzərində qurulub. Göy Tanrı əcdadla birdir, doğmadır. “Oğuznamə”də Oğuz kosmosunun yaranması sxeminə baxaq: Əvvəlcə Oğuz doğulur; Günəş şüası şəklində yerə enən qızla evlənir, Gün, Ay, Ulduz adlı üç oğlu olur; Oğuz daha sonra gölün ortasındakı ağacın koğuşunda tapdığı qızla evlənir, ondan da Göy, Dağ, Dəniz adlı üç oğlu olur. Bu, mifoloji əcdad Oğuzun dünya yaradılışında iştirakına inamı bildirir.
Əcdadın fitri duyumu səhərin cəzbində, çayların axarında, dağların vüqarında, səmanın ucalığında, günəşin doğuluşunda - şəfqətində, qürubun qübarında (Günəşin batmasında), gecənin sehrində mənliyini görür. Bu, insani yaradıcılığın elə bir ölçüsüdür ki, əcdadın ulus olmaq, dövlət qurmaq, bir sözlə, hər mənada var olmaq imkanlarını yaradır, Əcdad aşkarladığı sınırsız qüdrətiylə var olur.
“Dədə Qorqud”da (“Basat Dəpəgözi öldürdügi boy”da) Basatın doğuluşu-yaranışı əcdad funksiyası ilə bağlıdır. Hər şeydən öncə boyun quruluşu, məzmunu qədimliyini sübut edir. Başqa yandan buradakı inanclar – xalqımızın ruhən bağlı olduğu tapınış məqamlarını işarələyir. Təpəgöz Basatdan kimliyini soruşarkən Basatın ona cavabı: “...Anam adın sorar olsan – Qaba Ağac! Atam adın deirsən – Qağan Aslan! Mənim adım sorarsan, – Aruz oğlı Basatdır, – dedi”. Burada Basatın soyunu Ağacla və Aslanla bağlaması əcdaddan soraq verməsidir: Basatın yaradılışını şərtləndirən əcdadın izləri aydın olur. Mifologiyada, ümumən türk mifologiyasında ağac geniş yayılmış, mürəkkəb semantikaya malik obrazdır. Türk mifologiyasında ağacın kultlaşdırılması dərin kökləri olan inanclara bağlıdır. Ağacla bağlı bütün bu mifik təsəvvür, inanc, obraz, funksiyalar Azərbaycan əfsanələrində də izlərini saxlayıb. Bunların hamısı bu və başqa biçimdə yaradılış mifinə bağlanır.
“Qazan xanın oğlu Uruzun dustaq olduğu boy”da Qazan oğlunu belə oxşayır: “Uca dağımın zirvəsi oğul! Coşğun sularımın daşqını oğul!”
Uruz: “Qarşı yatan uca dağlar istəsə, el yaylar, Aşqın-daşqın sellər-sular istəsə, axar-çağlar. Qaracıq atlar sağlam olsa, qulun verər, Qaytabanda qızıl dəvə sağlam olsa, doğar-törər, Yaylaqdakı ağca qoyun sağlam olsa, quzulayar, İgid bəylər sağlam olsa, oğlu doğular”…
Dastanlarımızda insan-təbiət birliyi yetkin biçimdə ifadəsini tapır. Koroğlunun qılıncı ildırım parçasındandır, atları dərya atlarından. Azərbaycan muğamlarında, ayrıca olaraq Azərbaycan aşıq sənətində insan-təbiət birliyinin ifadəsi tamdır. Sazımızda tanrıçılıq ruhu, səsi aydın şəkildə duyulur. Azərbaycan zurna-balaban sənəti başdan-başa təbiəti soraq verir: haraylı, yenilməz, döyüşkən, coşğun ruhlu Türk insanının həm də hədsiz zərifliyini, həlimliyini çatdırır.
Novruz bayramının ruhunda Türk insanının Doğa ilə birliyi var: Novruzun Şərqiliyi var, ancaq ən yaxşı, yetkin ifadəçisi Azərbaycandır, Azərbaycan-Türk ruhudur. Zərdüştlükdən gələn “Təmiz fikir, təmiz söz, təmiz əməl” ideyası ilə Novruzun ruhu mənalanıb, əcdadın fitri duyumunun təsdiqi kimi xəlqi təməldə inkişaf edib. Azərbaycan folklorunun demək olar, hər bir janrında (əmək nəğmələrində, mərasim nəğmələrində, mövsüm nəğmələrində, əfsanələrdə, rəvayətlərdə, ata sözlərində, məsəllərdə, laylalarda, oxşamalarda, mahnılarda, bayatılarda, nağıllarda, tapmacalarda, yanıltmaclarda və s.) insan-təbiət doğmalığından yaranan birliyin izlərini görmək olur. Hər hansı bir mətndə özünəinamlı, yaradıcı, intuisiyalı insan obrazı varsa, orada mütləq təbiətin etkisi var.
Adət-ənənə, mərasim və rituallarda da insan-təbiətin birliyi özünü göstərir. Bu da təbiidir: İnsan təbiətdədir, bütün hadisələr təbiətdə baş verir. İnsanın halı, halsızlığı, xeyirliyi, şərliyi təbiətdə ifadəsini tapır. Təbiətlə İnsanın qarşılıqlı birliyi var, bu birliyin canlı təsirləri insanın təbiətə yadlığının, ya da doğmalığının ölçüsünü göstərir.
Folklorun bu və ya başqa çoxsaylı janrlarında insanın təbiətə doğmalığı, həyanlığı, dərdkeşliyi ilə yanaşı amansızlığı, ruhsuzluğu, səbirsizliyi, kobudluğu və s. var.
Əcdad - İnsan təbiətdə özünü görür, ancaq bu, hamıya aid deyil. Folklor düşüncəsi xəlqiliyin bəşəriliyi təsdiq edən ölçüsünü yaradır, burada qətiyyən güzəşt yoxdur. Əcdad –insan səhvini anlayır, dərsini alır, sonrakı peşmançılıq isə fayda vermir. “Koroğlu” dastanında Rövşənin tələskənliyi, uyğun mif-əfsanə örnəkləri bu sıradandır. Təbiətlə bir olmaq, onun acı-ağrısını hiss etmək, təbiət kimi duymaq əcdadın fitri keyfiyyətlərindən idi.
Əcdadın Təbiətlə münasibəti doğma idi, onun əzəli ritmi ilə yuxudan oyanır, yuxuya gedirdi. Təbiətin hər gününü təkrarsız bir ömür kimi yaşayırdı. Bu duyğular əcdadın ağlında, ürəyində ölmür, itmir, ardıcıl inkişaf edən hissiyyatında yeni çalarlar yaradır, hansısa əmək, əkinçi, sayaçı, sağın, ovçu, balıqçı, hana nəğmələrinə çevrilirdi. Folklorda təbiətdən qıraqda yaranan nəsə yoxdur, hamısı insanın burada var olmağının, təbiətlə fərəhlənməyinin, ya da kədərlənməyinin ifadəsidir.
Təbiət səxavətlidir, insan ağacdan (meşədən), sudan (bulaqdan, göldən, dənizdən), torpaqdan, oddan və s. bəhrələnir, Təbiətin balası olduğundan anasına qarşı çıxmır. Bu, insanın artıq ibtidailikdən çıxdığı, dil açdığı, ağlının yetkinləşməyə başladığı dövrdür. İnsan torpağın təkcə məhsul vermədiyini anlayır, mənəvilik (ruhsallıq) deyilən bir keyfiyyətin olduğunu görür, nəticədə torpağın Yurd, Vətən müqəddəsliyi yaranır; bu ilahi hal insanın ağlında yaranıb gerçəkləşir. Yaşadığı torpağın qoxusu onun üçün dünyanın ən gözəl ətri olur, çünki torpaq varlığını təsdiq edir.
Azərbaycan folklorunda əcdad ruhu təbiətin günəşiylə, səmasıyla, səhəriylə, gecəsiylə, çayıyla, bulağıyla (su ilə), ağacıyla birdir. Folklor düşüncəmizin mayası doğadan gəlir: əcdad təsəvvüründə ilkinlik təbiətdəndir: hər şeydən öncə ona görə ki, insanın jest və mimikalardan nitq imkanına kimi yol keçməsi, dil yiyəsi olması, cəmiyyət qurması təbiətdə mümkün olub. Dünyanın bütün bölgələrində xalqlıq imkanına yetənlər bu aqibəti yaşayıblar. Ancaq əsas məsələ təbiətə ilahi, insani münasibətdədir. Azərbaycan düşüncəsində bu istiqamət xalqlar içərisində nadirliyi, bənzərsizliyi ilə seçilir. Dağın, göyün, günəşin, ağacın və s. insanlaşmış obrazlarının olması folklorumuzdakı əcdad düşüncəsinin yaşarılığından gəlir. Ölməyən, yoxa çıxması mümkün olmayan bu duyğu nəsildən-nəslə keçir, ənənə beləcə qırılmadan yaşayır. Burada dağ – vüqar, ləyaqət rəmzidir, həmişə möhtəşəmdir, yenilməzdir, çünki özündə ilahilik keyfiyyəti daşıyır, tanrılıq mahiyyətli (yəni yenilməz, mənəvi keyfiyyətlərə yetmiş, iradəli) insan obrazındadır. Dağda insanı görmək özünü anlayan, duyan, təbiətin böyüklüyünü anladığı dərəcədə də özüylə onun arasında mənəvi birlik görən əcdad düşüncəsindən gəlir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...