22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib

13-11-2024
IMG

COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələri aparılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Tərəflər Konfransının iqlim həmrəyliyinin yaranmasına töhfə verəcəyini vurğulayıb, COP29-un bütün iştirakçı ölkələrini iqlim dəyişikliyinin mənfi hallarının aradan qaldırılmasına yönəlmiş səyləri daha da gücləndirməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COP29-un qlobal ictimaiyyət üçün bir araya gələrək, praktik həlləri müəyyən etmək üçün mühüm fürsət olduğunu deyib.

Panel sessiyada çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, iqlim dəyişikliyinin vətəndaşların sağlamlığına və ölkələrin iqtisadiyyatına təsiri çoxşaxəlidir və getdikcə daha çox narahatlıq doğurur. Nazir bildirib ki, son onilliklər ərzində daşqın və quraqlıqlar kimi ekstremal təbiət hadisələrinin tezliyi artıb: “İstiliklə bağlı ölümlərin təxminən üçdəbiri artıq iqlim dəyişikliyi ilə bağlıdır. Eyni zamanda, iqlim dəyişikliyi nəticəsində baş verən ekstremal hava fəlakətlərinin sayı son 50 ildə beş dəfə artıb”.

Ekstremal hava hadisələrinin yoluxucu xəstəliklərin yayılması üçün ideal şərait yaratdığını qeyd edən nazir bildirib ki, iqlim dəyişikliyinin risk və mümkün təsirlərini minimuma endirən milli siyasətin qəbulu sağlamlığa təsirləri və onların iqtisadi nəticələrini məhdudlaşdırmağa kömək edə bilər.

“Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurla bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə həmin əraziləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır”, - deyə səhiyyə naziri bildirib.

Sonra İqlim və Sağlamlığın Qorunması Naminə Transformasiya Alyansının (ATACH) yeni həmtəsisçisi seçilib. Azərbaycan yekdilliklə 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi elan olunub.

Tədbirdə çıxış edən Tedros Adhanom Qebreyesus və səhiyyə naziri Teymur Musayev bildiriblər ki, Azərbaycan COP29-un sədri kimi ATACH-a qoşulur və 2024-2026-cı illərdə Alyansın həmtəşkilatçısı kimi çıxış edəcək.

COP26 səhiyyə gündəliyi, COP27, COP28, COP29 və 77-ci Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qlobal iqlim və sağlamlıq təşəbbüslərinə əsaslanaraq, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişmələrinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasını hədəfləyir.

Azərbaycan Alyansa qoşulmaqla dəyişən iqlim şəraitində ictimai sağlamlığın qorunması və təşviqi üçün mühüm əhəmiyyət kəsb edəcək iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemi istiqamətində addımların atılması öhdəliyini üzərinə götürüb.

Həmtəşkilatçılar kimi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası ATACH vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdirlər.

Paylaş: