Ayda kəşf edilən mağara insanların məskunlaşması üçün əlverişli şərait yarada bilər
Alimlər ilk dəfə Ayın səthində mağara aşkar ediblər. 100 metr dərinlikdə olan çuxurun Ayda daimi baza üçün uyğun şərait təmin edə biləcəyi qiymətləndirilir.
Fhnews.az BBC-yə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, Ayın “tədqiq edilməmiş hissələrində” yüzlərlə oxşar mağaranın olması ehtimalı var.
Ölkələr Ayda daimi insan varlığı yaratmaq üçün yarışır. Bununla belə, astronavtları radiasiyadan, ekstremal temperaturdan və kosmik şəraitdən qorumaq çətin işdir. Açıq kosmosa çıxan ilk britaniyalı astronavt Helen Şarman bu barədə açıqlama verib. O, yeni kəşf edilən mağaranın baza qurmaq üçün yaxşı yer ola biləcəyini və insanların 20-30 il ərzində Aydakı çuxurlarda yaşamasının mümkün olduğunu söyləyib. Lakin H.Şarmanın sözlərinə görə, bu çuxur “çox dərindir” və astronavtlar buradakı bazaya çatmaq üçün xüsusi avadanlıqdan istifadə etməli ola bilərlər.
İtaliyanın Trento Universitetindən Lorenzo Bruzzone və Leonardo Karrer radardan istifadə edərək sözügedən mağaranı kəşf ediblər. Mağara Sükut dənizi (Mare Tranquillitatis) adlanan düzənlikdə yerləşir. “Sükut dənizi” kimi tanınan bu ərazi Yerdən adi gözlə də görülə bilər və bəşəriyyətin başqa bir planetdə ziyarət etdiyi ilk nöqtə kimi əhəmiyyətlidir. Mağaranın döşəməsinin göründüyündən daha geniş ola biləcəyi düşünülür. Bu çuxur milyonlarla və ya milyardlarla il əvvəl lavanın Ayın səthinə axması və qaya üzərindən tunel əmələ gəlməsi zamanı yaranıb.
Professor L.Karrer, bu mağaraya ən çox bənzəyən quruluşun İspaniyanın Lanzarote şəhərindəki vulkanik mağaralar olduğunu və tədqiqatçıların bu bölgəni də araşdırdıqlarını qeyd edib. O bildirib: “Həqiqətən həyəcanvericidir. Bu kəşfi edəndə və fotolara baxanda başa düşürsən ki, bəşər tarixində bunu görən ilk insan sənsən. Biz mağaranın ölçüsünü başa düşdükdən sonra bunun baza qurmaq üçün əlverişli yer ola biləcəyini başa düşdük. Axı Yer üzündəki həyat da mağaralarda başlayıb. İnsanların Aydakı mağaralarda da sağ qalması məntiqlidir”.
Mağara tam tədqiq edilməyib, lakin tədqiqatçılar onun xəritəsini çəkmək üçün radar, kameralar və robotlardan istifadə oluna biləcəyini düşünürlər. Alimlər təxminən 50 il əvvəl Ayın səthində belə mağaraların ola biləcəyini anlayıblar. 2010-cu ildə “Lunar Reconnaissance Orbiter” adlı kosmik gəminin kamerası mağara girişləri ola biləcək çuxurların şəklini çəkməyi bacarıb. O zaman bu mağaraların nə qədər dərin olduğu və ya onların çökmə ehtimalı haqqında çox az şey məlum idi.
Avropa Kosmik Agentliyindən Françesko Sauro bildirib: “Bu səthin çox yaxşı şəkilləri var, biz “Apollo”nun endiyi ərazini görə bilirik, lakin səthin altında nə olduğunu bilmirik. Bizim kəşf etmək üçün gözəl imkanımız var. Bu tədqiqat gələcəkdə Marsın səthindəki mağaraları anlamaqda başlanğıc ola bilər. Üstəlik, bu tədqiqatlar Marsda həyat izlərinin tədqiqi üçün böyük əhəmiyyət kəsb edə bilər. Ayda kəşf olunan mağara insanların burada məskunlaşmasına kömək etməklə yanaşı, Ayın tarixini və keçdiyi mərhələləri daha yaxşı başa düşmək üçün də faydalıdır. Mağaradakı qayalar kosmos şəraitindən daha az təsirləndiyi üçün onlar milyardlarla illik geoloji qeydləri saxlamaq potensialına malikdirlər”.
Tədqiqat “Nature Astronomy” jurnalında dərc olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...