22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Avropada qaz sobası hər il 40 min nəfərin ölümünə səbəb olur – TƏDQİQAT

31-10-2024
IMG

Ürək və ağciyər xəstəliklərinə səbəb olan zəhərli qazlar ömürdən iki il alır

Yeni bir elmi tədqiqat Avropada hər il 40 min insanın qaz sobasından qaynaqlanan ölümlərlə üzləşdiyini ortaya qoyub. Bu göstərici avtomobil qəzalarında baş verən ölümlərin iki mislinə bərabərdir.

Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, qaz sobası zəhərli qazlar yayaraq ürək və ağciyər xəstəliklərinə səbəb olur, lakin mütəxəssislər bu problemin ciddiyyətinin hələ tam dərk edilmədiyi fikrindədir.

İspaniyadakı Jaume I Universitetinin tədqiqatçısı Juana Maria Delgado-Saborit tədqiqatın baş müəlliflərindən biri olaraq problemin miqyasının düşünüldüyündən daha pis olduğunu bildirib.

Birləşmiş Krallıq və Avropa İttifaqı ölkələrində aparılan tədqiqata əsasən, ürək və ağciyər xəstəliklərinə səbəb olan zəhərli qazlar ömrü iki il qısaldır. Alimlər yalnız azot dioksitin təsirini nəzərə alaraq Aİ-də 36 min 31, Birləşmiş Krallıqda isə 3 min 928 erkən ölümü qaz sobaları ilə əlaqələndiriblər.

J.M.Delgado-Saborit qeyd edib: “İlk dəfə 1978-ci ildə azot dioksitin elektrikli sobalara nisbətən daha çox çirklənmə yaratdığını kəşf etmişdik. Artıq erkən ölüm hallarına dair rəqəmlər təqdim edə bilirik”

Tədqiqatçılar karbonmonoksit və benzol təsiri nəzərə alınarsa, real vəziyyətin daha da pisləşəcəyini vurğulayıblar. Avropa İqlim Fondu (European Climate Foundation/ECF) tərəfindən dəstəklənən tədqiqatda İspaniyanın Valensiya Universitetindən alimlər də iştirak ediblər. Kopenhagen Universitetindən hava çirklənməsi üzrə mütəxəssis Steffen Loft tədqiqatda iştirak etməsə də, bunu belə izah edib: “Ən böyük qeyri-müəyyənlik qapalı məkanlardakı azot dioksitinin mənbəyini - nəqliyyatdan, yoxsa qaz sobasından gəldiyini müəyyənləşdirməkdir. Ancaq onlar məntiqli bir qiymətləndirmə aparıblar”.

May ayında ABŞ-də aparılan bir tədqiqat da qaz sobalarının hər il 19 min insanın ölümünə səbəb ola biləcəyini ortaya qoymuşdu. Avropa İttifaqı açıq məkanlarda hava keyfiyyəti ilə bağlı qaydaları sərtləşdirsə də, qapalı məkanlara dair standartlar müəyyən etməyib. Avropa İctimai Sağlamlıq Alyansı (European Public Health Alliance/EPHA) siyasətçilərə bu məsələdə çağırış edir. EPHA-dan Sara Bertucci bildirib: “Çox uzun zamandır ki, qaz sobalarının təhlükələri asanlıqla görməməzlikdən gəlinir. Onların sağlamlığa təsirləri siqaret kimi düşünülmür. Ancaq siqaret kimi evimizi çirkləndirən kiçik bir qığılcım kimidirlər”.

Alimlər həll tapılmadığı təqdirdə yemək bişirərkən pəncərə və havalandırmanı açmağı məsləhət görürlər.

Paylaş: