22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əsrin fəlakətində Türkiyənin köməyinə ilk gələn Azərbaycan olub

05-02-2024

Türkiyə mətbuatı keçən il fevralın 6-da yaşanan acı fəlakətdən sonra köməyə gələn azərbaycanlı axtarış-xilasetmə qruplarının fəaliyyətindən yazıb. “TRT Haber”  yazır ki, zəlzələdən dərhal sonra Türkiyəyə gələn ilk xarici xilasetmə dəstəsi Azərbaycanın  Fövqəladə Hallar Nazirliyinə bağlı komanda olub.

Azərbaycan qardaş ölkəyə yardıma 41 tibb işçisi, 725 nəfər heyət göndərib. Onlar  fevralın 6-da Türkiyəyə gəlib və təxminən 1 ay ərzində həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə xidmət göstəriblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu qrup olub.

Türkiyəyə köməyə gələn azərbaycanlı axtarış-xilasetmə dəstəsi üzvlərinin həmin günlərdə yaşadıqlarını “TRT Haber”  qələmə alıb. 
Zəlzələ zamanı Türkiyəyə gedən komandaların koordinatorlarından biri, polkovnik Elşad Zərbəliyev bildirib ki, zəlzələ baş verən gün Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə dərhal Türkiyəyə yola düşüblər : "Azərbaycan qrupları 53 nəfəri dağıntılar altından sağ-salamat çıxarıb. Təəssüflər olsun ki, dağıntılar altından 780 cəsəd çıxardıq. Zəlzələ bölgəsində iki səhra xəstəxanası yaratdıq. Bu xəstəxanalarda 3 min nəfərə tibbi yardım göstərdik.”

Axtarış-xilasetmə xidmətinin əməkdaşı Elvin İsgəndərov isə bildirib ki, işə başladıqları ilk gün bir ailənin 3 üzvünü- ata, ana və uşaqlarını xilas ediblər.

Dağıntılar altından insanları xilas etdikdə, sanki öz yaxınlarını xilas edirmiş kimi sevindiklərini ifadə edən Elvin İsgəndərov  "Türkiyə bizim qardaşımızdır və orada çox çalışdıq. Xilas etdiyimiz bir qadın azərbaycanlı olduğumuzu biləndə "Əziz qardaşlarımız gəlib"-deyərək bizi bağrına basdı. 

Zəlzələ bölgəsində dəhşətli mənzərə ilə qarşılaşdıqlarını və zamanla yarışdıqlarını bildirən İsgəndərov əlavə edib ki, mümkün qədər çox insanı xilas etməli olduq. Allaha şükürlər olsun ki, buna nail olduq. Bununla fəxr edirəm. Çoxlarını da sağaltdıq, cəsədlərin tamamilə çıxarılmasına diqqət yetirdik.

Türkiyə  Prezidenti  Rəcəb Tayyib Ərdoğan tərəfindən “Üstün Fədakarlığa görə Dövlət Medalı” ilə təltif edildiyini xatırladan Elvin İsgəndərov fəxrlə deyib ki, mən bu medalı öz adımdan deyil, Azərbaycandan olan bütün komanda yoldaşlarımın adından almışam.

Axtarış-xilasetmə qrupunun digər üzvü Elçin İmamquliyev  Türkiyəyə vəzifə borcunu yerinə yetirmək üçün yox, qardaşlıq borcunu ödəmək üçün getdiklərini deyib : "İlk dəfə belə böyük zəlzələ ilə qarşılaşırdıq, amma psixoloji cəhətdən hazır idik. İbrahim Sarp adlı şəxsi xilas etmək üçün 8 saat çalışdıq. 198 saatdan sonra betondan iki qardaşı xilas etdik. Bu, bir möcüzə idi.”

Yanğınsöndürən Səxavət Həsənov da zəlzələnin ilk günündə çatdıqları Türkiyədə dərhal işə başladıqlarını və çətin hava şəraitinə baxmayaraq insanların həyatını xilas etmək üçün səy göstərdiklərini bildirib : "Birini sağ-salamat xilas edəndə böyük sevinc yaşadıq. Bir adamı xilas etmək üçün bəzən 7-8 saat işləyirdik. Növbəmiz bitsə də, işimizi başa çatdırıb həmin şəxsi xilas edənə qədər növbəmizi təhvil vermirdik.”

 Kahramanmaraşdan sonra Hatayda da axtarış-xilasetmə işlərinə qoşulan Azərbaycan xilasediciləri Hatayda 5,4 ballıq zəlzələnın sarsıntılarını da yaşayıblar.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraşda yaratdığı sahə xəstəxanasında həkim işləyən Nigar Pənahova isə deyir ki, təkcə xəstələr yox, onlara dərdini bölüşmək üçün müraciət edənlər də az olmayıb. Heyətin işində fəaliyyət göstərən psixoloqların da mənəvi dəstəyi güclü olub. 

Bu barədə “TRT Haber” yazıb.

Paylaş: