22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Arxeoloji ekspedisiya Şəkinin Baş Şabalıd kəndində yeni tarixi faktlar üzə çıxarıb

12-09-2024
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin arxeoloji ekspedisiyası rayonun ucqar Baş Şabalıd kəndi ərazisində ilk dəfə arxeoloji qazıntı işləri aparıb və uğurlu nəticələr əldə edib.

Fhnews.az xəbər verir ki, kəndin üç müxtəlif ərazisində aparılan qazıntı işləri zamanı maraqlı tarixi faktlar, maddi-mədəniyyət nümunələri üzə çıxarılıb. Aşkar edilən maddi-mədəniyyət nümunələrinin ilkin tədqiqi deməyə əsas verir ki, Baş Şabalıdın tarixi düşünüləndən daha qədimdir. Əməkdaşımız bu günlərdə həmin kənddə olub, arxeoloqların qazıntı işləri apardığı məkanlara baş çəkib.

Baş Şabalıd kəndi təkcə Şəkinin deyil, bölgənin ən qədim yaşayış məskənlərindən sayılır. Belə ki, kənddə yaşı ən azı 300-400 il olan müsəlman qəbiristanlığı, dağılsa da günümüzə gəlib çatan, ciddi tədqiqata və bərpaya ehtiyacı olan Alban məbədi, eləcə də digər qədim tikililərin qalıqları mövcuddur. Məhz bu və digər xüsusiyyətlər Regional Elmi Mərkəzin arxeoloqlarının diqqətini cəlb etdiyindən ərazidə qazıntılar aparılıb və nəticədə qədim dövrə aid daha maraqlı faktlar ortaya çıxıb.

Arxeoloqların kəndin ərazisində diqqətini cəlb edən ilk məkan el arasında “Gürzan” adlanan dərə olub. Hansı ki, həmin yer Baş Şabalıd kənd sakinlərinin dağ yoludur. On illər boyu dərəyə sel sularının gəlməsi nəticəsində dərə dərinləşib, ətrafında aşınmalar əmələ gəlib. Beləcə daş qutu qəbirlər üzə çıxıb.

Ekspedisiyanın rəhbəri Elşən Abdurahmanov bildirir ki, sakinlərin müraciəti əsasında əvvəlcə dərədəki daş qutu qəbirlərə baxış keçirilib. Daha sonra kəndin bir neçə yerində araşdırma aparıblar. Bir sözlə, Baş Şabalıdın hər tərəfi bir tarixi özündə ehtiva edir. Ekspedisiya rəhbərinin sözlərinə görə, daş qutu qəbirin tədqiqi zamanı onun 7-9-cu əsrdə yaşayan albanlara məxsus olduğu müəyyən edilib. Ekspedisiya rəhbəri onu da diqqətə çatdırıb ki, Qafqaz Albaniyasının əhalisinə xas “Yaloylu Təpə” antik dövr mədəniyyətinə aid nümunələr və daş qutu qəbirlər bu ərazidə yaşayışın qədimliyi ilə yanaşı, həm də ardıcıl davam etdiyini göstərir. Gülzan dərə adlanan ərazidə tədqiqata cəlb edilən daş qutu qəbirdəki skeletin ağzıüstə, başı qərbə, üzü şərqə olması buranın xristian qəbiristanlığı olduğunu göstərir.

Ekspedisiyanın Ocaqyanı adlanan ərazidə apardığı tədqiqatlar zamanı isə antik dövrə aid “Yaloylu Təpə” mədəniyyətinin nümunələri olan müxtəlif keramika qalıqları aşkarlanıb. Arxeoloqun sözlərinə görə, rəngsiz və rəngli keramikalar, üçayaqlı keramik qab nümunələri, küp qırıqları və sair materiallar həmin dövrün mədəni inkişafının göstəricisidir.

Arxeoloqların növbəti tədqiqat ünvanı kəndin şərq hissəsində, təpənin üzərində yerləşən Alban məbədi ərazisi olub. “Aşkar edildi ki, 6-7-ci əsrlərdə inşa edilən bu məbəddən 12-ci əsrə kimi istifadə olunub. Ümumiyyətlə, kənd ərazisində aparılan tədqiqatlar yaşayış məntəqəsinin eradan əvvəl 3-cü əsrdən, yəni “Yaloylu Təpə” mədəniyyətinə aid olan dövrdən 12-ci əsrə qədər davamlı yaşayış məskəni olduğunu deməyə əsas verir. Həmçinin ərazidən antik dövr və ilk orta əsrlər Albaniyasına aid olduğu güman edilən çox sayda tarixi maddi-mədəniyyət nümunələri tapdıq”, - deyən Elşən Abdurahmanov, bu qədim yaşayış yerinin tarixini və mədəniyyətini tamamilə üzə çıxarmaq üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac olduğunu bildirib.

Paylaş: