22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

26-06-2024
IMG

Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gələ bilirlər. Onlar məqsədə çatana qədər mübarizə aparırlar.

Fhnews.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı ABŞ-da araşdırma aparılıb. Araşdırma nəticəsində qəzəblənmənin müəyyən vəziyyətlərdə daha uğurlu nəticələr əldə etməyə kömək ola biləcəyi ortaya çıxıb.

“Şəxsiyyət və Sosial Psixologiya” jurnalında dərc edilən araşdırmada alimlər mindən çox insanla eksperimentlər aparıblar. Eyni zamanda, tədqiqatçılar 1400-dən çox insan arasında keçirilən sorğunun məlumatlarını da təhlil ediblər. Qəzəbli insanlar nəticə əldə etmək üçün daha çox vaxt tələb edirdilər. Texas Universitetinin tədqiqatçıları bir təcrübədə tələbələrə qəzəb, istək, əyləncə, kədər kimi duyğuları oyatdığı bilinən şəkilləri göstəriblər. Daha sonra iştirakçılardan müxtəlif anaqramları (bir sözün hərflərini dəyişdirərək başqa bir söz yaratmaq) həll etmələri tapşırılıb. Təcrübənin sonunda qəzəbli insanların anaqramları həll edərkən digər emosional vəziyyətlərdə olan insanlardan daha yaxşı həll etmələri müşahidə edilib. Digər tərəfdən, asan anaqramlarda heç bir fərq görülməyib. Tədqiqatçılar, həmçinin qəzəblənənlərin çətin anaqramların həllinə daha çox vaxt sərf etdiyini müşahidə ediblər. Başqa bir təcrübədə əsəbi iştirakçılar video oyununda bayraqlardan qaçmaqda digərlərinə nisbətən daha yaxşı olublar.

Alimlər 2016 və 2020-ci illərdə ABŞ prezident seçkiləri zamanı aparılan sorğuları da təhlil ediblər. Seçkidən əvvəl iştirakçılardan sevimli namizədlərinin qalib gəlmədiyi təqdirdə nə qədər qəzəblənəcəklərini qiymətləndirmələri istənilib. Seçkilərdən sonra onlardan kimə səs verdikləri və seçkiyə gedib-getmədikləri soruşulub. Dəstəklədiyi namizədin qalib gəlmədiyi təqdirdə qəzəblənəcəyini bildirənlərin növbəti seçkilərdə daha çox seçkiyə getdiyi müşahidə olunub.

Araşdırmanın aparıcı müəllifi professor Heather Lenchin sözlərinə görə, tədqiqatın nəticəsi göstərir ki, qəzəb məqsədə çatmaq üçün səyləri artırır və uğura aparır. Araşdırmada müsbət emosiyaların mənfi duyğulara üstünlük verildiyi ifadə edilib. Bununla belə, araşdırmada neqativ emosiyaların bəzi məqamlarda fürsətə çevrilə biləcəyi və təsirli nəticələr yarada biləcəyi də vurğulanıb.

Paylaş: