Araşdırma: Havanın çirklənməsi ilə Alzheymer xəstəliyinin əlamətləri arasında əlaqə mövcuddur
“Neurology” adlı tibb jurnalında nəşr olunan yeni araşdırmada, elm adamları ətraf mühitin çirklənməsi konsentrasiyası ilə insan beynindəki Alzheymer xəstəliyinin əlamətləri arasındakı əlaqəni tədqiq ediblər.
Fhnews.az xəbər verir ki, alimlər ölümdən ən azı bir il əvvəl PM2.5 kimi tanınan və havanı çirkləndirən kiçikdispersli hissəciklərin daha yüksək konsentrasiyasına məruz qalan insanların beyin toxumalarında Alzheymer xəstəliyinin əlaməti olan düyünlənmə səviyyəsinin (hüceyrələrin sinir ucları arasında əmələ gələn protein hissəciklərinin anormal toplanması) daha yüksək olduğunu aşkar ediblər. Tədqiqat, genetik olaraq Alzheymer xəstəliyinə meylli olmayan insanlarda havanın çirklənməsi və xəstəliyin əlamətləri arasında güclü əlaqə olduğunu aşkar edib.
Emori Universitetinin Xalq Səhiyyəsi Məktəbinin dosenti Anke Hyuls havanın çirklənməsinin, xüsusən də xəstəliyin genetika yolu ilə izah edilə bilmədiyi pasiyentlərdə Alzheymer xəstəliyinin inkişafına kömək edən bir amil ola biləcəyini qeyd edib. Tədqiqat havanın çirklənməsinin Alzheymer xəstəliyinə səbəb olduğunu sübut etməsə də, müəyyən çirklənmə növlərinə məruz qalma ilə xəstəlik əlamətləri arasında əlaqəni müəyyən edib.
Alimlər ölməzdən əvvəl beyinlərini tədqiqat üçün könüllü olaraq bağışlayan Atlanta bölgəsindən (ABŞ) 224 donorun toxumalarını araşdırıblar.
PM2.5 konsentrasiyalarının qısa müddətli tənəffüs problemlərinə səbəb ola biləcəyi çoxdan məlumdur. Bunun səbəbi hissəciklərin çox kiçik olmasıdır (diametri 2,5 mikron və daha az), tənəffüsdən sonra onlar qan dövranına daxil olurlar. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına əsasən, tüstünün və çirkli havanın udulması sinusun, boğazın və gözlərin qıcıqlanmasına səbəb ola bilər. Daha ağır hallarda, bu təsir, infarkt və insult da daxil olmaqla ürək-damar xəstəlikləri, həmçinin ağciyər xərçəngi və idrak funksiyasının zədələnməsi ilə əlaqələndirilir.
Harvard İqlim, Sağlamlıq və Ətraf Mühit Mərkəzinin Təhsil və Siyasət üzrə direktoru Qaurab Basunun sözlərinə görə, tədqiqat ətraf mühitin çirklənməsinin beyin üçün təhlükəli olduğunu sübuta yetirir. Q.Basu deyir:" Biz adətən ağciyərlərimizdəki havanın çirkli olması haqqında düşünürük, lakin havanın çirklənməsinin sağlamlığımıza necə təsir etdiyindən bəhs edəndə, bundan sonra beynimizi ön plana çəkməyimiz daha vacibdir”.
Alimlər hesab edirlər ki, havanın çirklənməsinin təsirini azaltmağın ən yaxşı yolu havanın çirklilik konsentrasiyası yüksək olduqda, açıq havada keçirilən vaxtın məhdudlaşdırılması və lazım olduqda maska taxılması kimi fərdi dəyişikliklərin edilməsidir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...