22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında ən yüksək nəticə əldə edib

12-03-2024

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir və laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

Fhnews.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan səriştəlilik sınağında iştirak edib. Sınaqda MBL tərəfindən təqdim olunan nəticələr ən yüksək sayılan 4-cü kateqoriya kimi müəyyən edilib.

Qeyd edək ki, MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriya dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılaraq yüksək nəticələr əldə edib.

Paylaş: