AQTİ laboratoriyaları dabaq xəstəliyi ilə bağlı beynəlxalq səriştəlilik sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) və Göygöl Regional Sınaq Laboratoriyası (GRSL) Rusiyanın Heyvan Sağlamlığı üzrə Federal Mərkəzi və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb.
İnstitutdan verilən məlumata görə, MBL və GRSL dabaq xəstəliyinin A, O, ASİA-1, SAT-1 və SAT-2 tiplərinin ELISA müayinə metodu ilə təyini üzrə keçirilən sınaqda uğurlu nəticə əldə edib.
MBL və GRSL bundan əvvəl də beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik sınaqlarına qatılaraq yüksək nəticələr əldə edib. Bunlar müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyalarıdır. MBL və GRSL-də patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.
Qeyd edək ki, heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...