AQTİ laboratoriyaları biotəhlükəsizliyin təmin olunmasında xüsusi rol oynayır
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanması üçün xüsusi təhlükəli xəstəliklərin çevik şəkildə laborator diaqnostikası həyata keçirilir. Belə ki, AQTİ-nin bütün ölkəni əhatə edən, müasir maddi-texniki bazaya malik laboratoriyalarında peşəkar kadrlar tərəfindən aparılan sınaqlar sayəsində respublikaya idxal olunan bitki və heyvan mənşəli qida məhsullarında bioloji təhlükələr vaxtında aşkarlanır və müvafiq tədbirlər görülür.
Fhnews.az xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bundan əlavə institutun heyvan və bitki sağlamlığı sahələrində fəaliyyət göstərən səhra və səyyar laboratoriyalarının imkanlarından istifadə edilərək ölkənin ən ucqar dağ kəndlərində də nümunələrin yerində müayinəsi, xəstəliklərin zamanında aşkarlanması və sanitar epidemioloji vəziyyətin sabitliyinin təmin olunması mümkündür.
Qeyd edək ki, hazırda dünyada biotəhlükəsizliklə bağlı məsələlər daha çox əhəmiyyət kəsb edir. Belə ki, beynəlxalq ticarətdə çeşidlilik və həcmin artması, eləcə də ekologiya və kənd təsərrüfatı təcrübələrinin dəyişməsi heyvan, bitki və onların məhsullarında mövcud olan xəstəliklərin yayılmasına, həmçinin bir regiondan digərinə ötürülməsinə əlverişli şərait yaradır. Dünyada biotəhlükəsizlik sahəsində vahid yanaşma prinsipi ölkələri öz nəzarət strategiyalarını beynəlxalq standartlar əsasında qurmağa təşviq edir. Beynəlxalq standartlar əsasında fəaliyyət göstərən laboratoriya şəbəkəsinin olması isə biotəhlükəsizliyin təmin edilməsində əvəzsiz rol oynayır. Bu baxımdan ölkəmizdə biotəhlükəsizliyin təmin olunması sahəsində aparılmış islahatlardan ən əhəmiyyətlisi özündə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığını təmin edən müasir standartlara uyğun laboratoriya şəbəkəsinin mövcud olmasıdır.
Onu da bildirək ki, biotəhlükəsizlik insan, heyvan və bitki sağlamlığı, eləcə də ətraf mühit üçün təhdid törədən müvafiq risklərin idarə edilməsi üçün vahid yanaşmanı əhatə edir. Bu yanaşma özündə irimiqyaslı ictimai sağlamlıq aspektlərini, qida təhlükəsizliyini, zoonoz xəstəlikləri, bitki xəstəliklərini, eləcə də zərərvericilərə məruzqalmanı, canlı orqanizmlərin modifikasiyasını və ətraf mühitin mühafizəsini ehtiva edir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...