AQTA sədri UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Saca Faruq Abdullah arasında görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüş zamanı Q.Təhməzli Saca Faruq Abdullahı UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda AQTA sədri respublikamızda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndəlik rəhbərini məlumatlandırıb.
Görüşdə daha sonra UNICEF-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və tədbirlər nəzərdən keçirilib, əməkdaşlığın daha da genişləndirilməsinin vacib olduğu önə çəkilib. “Azərbaycan Respublikasında ana südünün tərkibinin araşdırılması və qida dəyərinin qida əlavəsi istifadəsi ilə artırılması” layihəsi, həmçinin hamiləlik və laktasiya dövründə ana və körpələrin sağlam qidalanmasını təmin etməkdən ötrü elmi əsaslı məlumat toplusunun hazırlanması müzakirə olunub. Körpə və erkən yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullarla bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda “Buğda ununun zənginləşdirilməsi”nə dair layihə ilə əlaqədar zənginləşdirmə üçün istifadəsi təsdiq edilmiş resept üzrə mikronutriyent preparatlarının təchizatçılarının və həmin layihənin icrası üçün nəzarət qruplarının müəyyənləşdirilməsi müzakirə olunub. Sağlam qidalanmanın təşviqi istiqamətində AQTA tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasının əhəmiyyətinə toxunulub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...