ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir.
Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Qurumlararası Koordinasiya Qrupu və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin birgə təşkilatçılığı ilə Minatəmizləmə üzrə Milli Direktorların və Birləşmiş Millətlər Təşkilatı Müşavirlərinin aprelin 29-dan mayın 1-dək keçirilən 27-ci beynəlxalq görüşündə iştirak edir.
Beynəlxalq görüşdə nümayəndə heyəti “Həyatın qorunması. Sülhün qurulması” əsas mövzusu ilə minatəmizləmə fəaliyyəti sahəsinin üzləşdiyi aktual problemlərlə bağlı müzakirələrə qoşulub.
Tədbirlər çərçivəsində aprelin 30-da Agentlik və BMT-nin İnkişaf Proqramı tərəfindən “Minatəmizləmə fəaliyyətində milli nailiyyətlər – inklüziv yanaşma və DİM-lər” mövzusunda yan tədbir təşkil edilib.
Yan tədbirdə açılışda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin üzləşdiyi mina probleminin insanların sağlamlığına, yaşam mühitinə, ətraf mühitin çirklənməsinə təhlükə yaratmasını, regionun inkişaf səylərinə əhəmiyyətli dərəcədə mənfi təsirini iştirakçıların diqqətinə çatdırıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması və onun fəsadlarının azaldılması sahəsində həyata keçirilən qətiyyətli tədbirlər və qazanılan nailiyyətlərə dair məlumat təqdim edib. Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması barədə bəhs edən Agentliyin sədri mina təhlükəsi ilə mübarizə təşəbbüslərinin səmərəli və davamlı şəkildə həyata keçirilməsi üçün inklüziv yanaşmaların vacibliyini vurğulayıb.
Yan tədbir çərçivəsində mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dayanıqlı inkişaf üzrə təşviqi, partlayıcı sursatların mədəniyyət nümunələrinə mənfi təsirləri, habelə gender və inklüziv yanaşmalar vasitəsilə mina təhlükəsi ilə mübarizə istiqamətində fəaliyyətlərin gücləndirilməsi mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...