22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ANAMA-da Xorvatiya nümayəndə heyəti ilə görüş keçirilib

20-02-2024

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fhnews.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin miqyası, mina partlayışlarının insanların həyat və sağlamlığına göstərdiyi ciddi təsirlər, yaratdığı fəsadlar, minaların dağıdılmış, viran edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, eləcə də icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə nümayəndə heyətinə məlumat verilib.

Frano Matuşiç işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində icra edilən, çox həssas və çətin fəaliyyət olan minatəmizləmə əməliyyatlarının, habelə yenidənqurma işlərinin dayanıqlı inkişaf məqsədləri ilə əlaqəli icrasının müsbət göstərici olduğunu bildirib.

Görüşdə, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, xüsusilə də Azərbaycan üçün prioritet sahə olan humanitar minatəmizləmə istiqamətində fəaliyyətin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu sahədə ixtisaslaşmış Xorvatiya şirkətləri ilə agentliyin mümkün təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

ANAMA və Xorvatiyanın müvafiq qurumları arasında minatəmizləmə sahəsində uzun illərə söykənən faydalı əməkdaşlıq tarixçəsi mövcuddur. 2012-ci ildə hər iki ölkə rəhbərinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Paylaş: