AMEA-da ətraf mühit məsələləri ilə bağlı elmi-praktik konfrans keçirilib
Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ekologiya siyasətinə də xüsusi diqqət yetirib, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin mühafizəsi, eləcə də biomüxtəlifliyin qorunması istiqamətində böyük yaşıllaşdırma proqramları həyata keçirib, həmçinin tullantıların sənaye üsulu ilə təkrar emalına nail olub. Ümummilli Liderin respublikamızın flora və faunasının qorunmasında mühüm xidmətləri olub.
Fhnews.az xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı söyləyib.
İsa Həbibbəyli dahi rəhbərin təşəbbüsü ilə hələ SSRİ dövründə ölkəmizdə qoruq və yasaqlıqların bərpa olunduğunu, yenilərinin salındığını, flora və fauna genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı kitab”ının təsis edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri müstəqillik illərində isə Ulu Öndərin Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, milli parkların salınması, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində siyasətinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən milli və dövlətçilik maraqlarımız qorunaraq daha da inkişaf etdirildiyini deyən AMEA rəhbəri bu gün Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa edərək dünyada söz sahibi ölkələrindən birinə çevrildiyini qeyd edib. Xatırladıb ki, dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib, Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhər, “ağıllı” kənd layihələri həyata keçirilir. Azərbaycanın iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə öndə gedən dövlətlərdən biri olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevə və Azərbaycana böyük hörmət və etimadının bariz göstəricisidir.
Sonra çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi birinci dövrdə Abşeron yarımadasının yaşıllaşdırıldığını, nəticədə adambaşına düşən yaşıllıq payının 5 dəfə artdığını vurğulayıb. Qeyd edib ki, həmin dövrdə görkəmli dövlət xadiminin təşəbbüsü ilə yeni təbiət qoruqları və yasaqlıqları salınıb, bu istiqamətdə ümumilikdə 8 qanun və 30-dan çox qərar qəbul edilib. “Müstəqillik illərində isə yeni ekoloji siyasət formalaşdırılıb, biomüxtəlifliyin, təbiət aləminin qorunması diqqət mərkəzində saxlanılıb. “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edilib, milli parklar yaradılıb, Abşeron yarımadasının su təchizatı istiqamətində müxtəlif tədbirlər həyata keçirilib, dağ-mədən sənayesi inkişaf etdirilib”, - deyə nazir Muxtar Babayev diqqətə çatdırıb.
Ulu Öndərin əsasını qoyduğu ekologiya siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Muxtar Babayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ekoloji məsələlərə də xüsusi diqqət yetirildiyini, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da bunun nəzərə alındığını bildirib.
Ümummilli Liderin həyata keçirdiyi yaşıllaşdırma işlərinin bu gün də davam etdirildiyini qeyd edən Muxtar Babayev son 5 il ərzində 10 milyondan çox ağacın əkildiyini söyləyib. Həmçinin “Heydər Əliyev İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, AMEA-nın və Elm və Təhsil Nazirliyinin birgə əməyi nəticəsində Ulu Öndərin 100 illiyinə töhfə olaraq Azərbaycan Respublikası “Qırmızı kitab”ının 3-cü cildinin nəşr olunduğunu diqqətə çatdırıb. O, çıxışının yekununda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçiriləcəyinin Azərbaycanda biomüxtəlifliyin qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılmış addımların əməli nəticəsi olduğunu deyib.
Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev COP29-da iştirak üçün dünyanın bir çox aparıcı ali təhsil müəssisələrinin təşəbbüs göstərdiklərini vurğulayıb. Qeyd edib ki, hazırda bir çox dünya universitetləri üçün ətraf mühitlə bağlı dəyişikliklər, dayanıqlılıq ən mühüm mövzulardan biridir və bu istiqamətdə Bakıda keçiriləcək COP29 çərçivəsində müzakirələr aparıla bilər.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə çıxışında diqqətə çatdırıb ki, ölkəmizdə ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası istiqamətində mühüm addımlar atılır. Azərbaycan bununla paralel olaraq COVID-19 pandemiyası dövründə olduğu kimi, dünya dövlətlərinə də yardım edir və ölkəmizin bu təşəbbüsləri beynəlxalq birlik tərəfindən rəğbətlə qarşılanır. Məhz bunun məntiqi nəticəsi olaraq COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçiriləcəyini bildirən Sadiq Qurbanov Azərbaycanın artıq qlobal məsələlərin həlli mərkəzinə çevrildiyini və dünyanı ətrafında birləşdirdiyini söyləyib.
Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov isə çıxışında qeyd edib ki, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, meşə zolaqlarının salınması, flora və faunamızın qorunması, su təmizləyici qurğuların quraşdırılması, mövcud su ehtiyatlarının qorunması və çirklənməsinin qarşısının alınması, su anbarlarının tikintisi, ekoloji tarazlığın bərpası, torpaqların deqradasiyasının qarşısının alınması siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır və Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.
Daha sonra AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik İradə Hüseynovanın çıxışı dinlənilib. Akademik vurğulayıb ki, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi strateji qərar olmaqla, “yaşıl iqtisadiyyat”ın, “yaşıl enerji”nin, “yaşıl texnologiyalar”ın, “yaşıl dünya”nın inkişafına, respublikada “yaşıl ətraf mühit”in və “yaşıl artım”ın təmin edilməsinə töhfə verir: “Biomüxtəlifliyin mühafizəsi istiqamətində elmimizin nailiyyətləri sırasında Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının 3-cü nəşrini bir daha qeyd etməyi vacib sayıram. Bu kitab digər özəllikləri ilə birgə, həmçinin müxtəlif təşkilatların, elmi kollektivlərin ümumi məqsəd ətrafında kompleks, multidisiplinar tədqiqatlar aparma imkanları və qabiliyyətinə gözəl nümunə göstərilə bilər”.
Akademik qeyd edib ki, müvafiq məsələlər AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin daim diqqət mərkəzində olub, ölkənin elmi-tədqiqat və təhsil müəssisələrində aparılan tədqiqatlar üçün müəyyənləşdirilmiş prioritet istiqamətlər arasında mühüm yerlərdən birini - “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması” tutub: “Konfransın mövzuları sırasında “İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri”ni xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu istiqamətdə ediləcək müzakirələr elmin Qarabağa “Böyük Qayıdış”ına mühüm təkan verilməsi baxımından da maraq kəsb edir”.
Alim çıxışının sonunda qeyd edib ki, konfransın rəsmi elektron poçt ünvanına ölkənin 80 təşkilatından (dövlət orqanları, publik hüquqi şəxslər, elmi tədqiqat, ali və orta ixtisas təhsili müəssisələri, ictimai təşkilatlar və s.) ümumilikdə 317 məruzə tezisi təqdim edilib, onlardan 289 tezis konfransda təqdim edilmək məqsədi ilə seçilib.
Qeyd edək ki, konfrans çərçivəsində, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bölmə iclasları da keçirilib.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...