İşçi və işəgötürənlər arasında əmək müqavilələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında elektron qaydada bağlanması prosesi davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ƏMAS-da işçi və işəgötürənlər tərəfindən e-qaydada artıq 700 mindən çox əmək müqaviləsi imzalanıb. Əmək müqavilələrinin e-sənəd formasında bağlanması ilə yanaşı, əmək müqaviləsinin dəyişdirilməsi və ya ona xitam verilməsi də e-qaydada icra olunur.
Həmin proseslər işçi və işəgötürənlərin e-imzaları (“SİMA İmza”, “ASAN İmza” və Elektron imza (SİMA Token) vasitəsilə həyata keçirilir. Müqavilənin bağlanılması, dəyişdirilməsi və ya ona xitam verilməsi yalnız ƏMAS üzərində imzalandığı halda hüquqi qüvvəyə minir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli Qərarına əsasən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələli şəkildə aparılır. Bu sahədə işçi və işəgötürənlərdə hər hansı sual yaranarsa, “142” Çağrı mərkəzinə müraciət edə bilərlər.