22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib

07-03-2024

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani DOST Mərkəzi ilə tanış olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüş olub.

Fhnews.az xəbər verir ki, görüşdə  Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays, ölkə meneceri Stefanie Stallmeister və b. da iştirak edib.

A.Bassani və digər qonaqlar əvvəlcə DOST Agentliyinin 1 saylı DOST Mərkəzi ilə tanış olublar. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzləri barədə məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının  əmək, məşğulluq, sosial müdafiə sahələrində 159 xidmətin vahid platformadan, “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan yaratdığı vurğulanıb.

DOST mərkəzlərində ötən dövrdə 2,1 mln. nəfərə xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,2 faiz olduğu qeyd edilib. DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, artıq 20-dən çox beynəlxalq mükafatla təltif edildiyi, bir sıra ölkələrin də bu təcrübənin tətbiqində maraqlı olduğu diqqətə çatdırılıb. Qonaqlar həmçinin Nazirlik və Dünya Bankının birgə icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi”nin bir qrup iştirakçısı ilə görüşüblər.  

Daha sonra DOST Agentliyində keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatları və əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

Bu islahatlar prosesində Dünya Bankı ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. Birgə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək məqsədi daşıdığı, artıq 14 min işsiz şəxsin bu layihənin dəstəyi ilə kiçik biznesini qurduğu qeyd edilib.

Habelə əmək qanunvericiliyinin, əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi, övladlığagötürmə sahəsində potensialın gücləndirilməsi və  s. istiqamətlərdə birgə layihələrin əhəmiyyətindən bəhs olunub. Həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib.

A.Bassani Nazirliyin Dünya Bankı ilə fəal əməkdaşlığından məmnun olduğunu, ölkəmizdə aparılan sosial islahatlarla bağlı müsbət fikirlərini diqqətə çatdırıb.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının mövcud əməkdaşlıq gündəliyi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Paylaş: