Əlyazmalar İnstitutunda orta əsr türk təbabəti və yazılı irsinə dair beynəlxalq konfrans təşkil edilib
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Qazaxıstan Respublikası Elmlər Akademiyası və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Yazılı Abidələr və Mənəvi İrs Elmi-Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Fhnews.az xəbər verir ki, bu barədə Əlyazmalar İnstitutundan bildirilib. Əlyazmalar İnstitutunda keçirilən konfransın plenar iclasında Qazaxıstan Milli Universitetinin Yazılı Abidələr və Mənəvi İrs Araşdırmalar Mərkəzinin direktoru professor Zibeydə Şadkam çıxış edib.
İnstitutun direktoru akademik Teymur Kərimli çıxışında türk təbabəti sahəsində tədqiqat nəticələrinin qarşılıqlı müzakirəsi və bu istiqamətdə təcrübə mübadiləsi məqsədilə keçirilən bu konfransın vacib və önəmli bir sahəni əhatə etdiyini bildirib. O, türk şəfa sənətinin mühüm elmi-tədqiqat obyektinə çevrildiyini diqqətə çatdıraraq “ənənəvi təbabət”, “xalq təbabəti”, “etnotəbabət” kimi bir neçə adla səciyyələnən bu çoxşaxəli sənət sahəsinin tədqiqatçılardan təkcə dərin bilik və təcrübə deyil, həm də elmi təcrübə mübadiləsinə fəal dəstək tələb etdiyini vurğulayıb. Gələcək tədqiqat istiqamətlərinin inkişafına şərait yaradan bu kimi ümumi dialoq platformasının yaradılmasının son dərəcə mühüm bir addım olduğunu qeyd edən alim konfransın işinə uğurlar arzulayıb.
Plenar iclasda, “Qazaxıstan Respublikası Milli Kitabxanasının nadir kolleksiyasında olan qədim əlyazmalar” mövzusunda məruzə dinlənilib.
İnstitutun əməkdaşları “Yusif Məhəmməd Əl-Xarəzminin “Məfatihul-Ülum” əsərində tibb bölümü və onun fəsilləri”, “Qədim təbabət və Məhəmməd Hadi” mövzularında məruzə ediblər. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Polşa kimi ölkələrin əlyazmaşünas alim və tədqiqatçılarının əyani və onlayn şəkildə məruzələri dinlənilib. Məruzələr “İpək Yolu boyunca tibbi bilik və mədəni mübadilə”, “Türk təbabəti və tədqiqi problemləri”, “Şərqin və qədim yunan-romalıların orta əsr təbabəti və onların xüsusiyyətləri” kimi elmi mövzuları əhatə edib.
Əlyazmalar İnstitutunun bir qrup əməkdaşına konfransın təşkilindəki dəstəyə görə Qazaxıstan Elmlər Akademiyasının təşəkkürnaməsi təqdim olunub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...